Nazir: “Azərbaycanın ÜST-nin Avropa Regional Bürosunun İcraiyyə Komitəsinə üzv seçilməsi çox mühüm və tarixi hadisədir”

Nazir: “Azərbaycanın ÜST-nin Avropa Regional Bürosunun İcraiyyə Komitəsinə üzv seçilməsi çox mühüm və tarixi hadisədir”

\"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyasına Azərbaycanın ev sahibliyi etməsi və bu sessiyaya sədrlik etməsi ölkəmizin dünyada tanıdılmasında mühüm rol oynayır\". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə naziri Oqtay Şirəliyev Bakıda keçirilən ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyasının yekunları barədə danışarkən deyib. O bildirib ki, Azərbaycan prezidentinin səhiyyəyə göstərdiyi diqqəti Ümumdünya Səhiyyə Təşkilatı başqa ölkələrə nümunə göstərib: "Azərbaycan prezidentinin bu sessiyada iştirakı böyük təəssürat yaradıb. Prezidentin səhiyyə ilə bağlı söylədiyi fikirlərə qonaqlar özləri də şahid olublar. Nümayəndə heyətləri bir çox tibb müəssisələrində olublar, həkimlərlə, xəstələrlə ətraflı söhbətlər ediblər. Onların hamısı Azərbaycan səhiyyəsinin qısa müddət ərzində belə inkişaf etməsini ölkə prezidentinin bu sahəyə yüksək diqqət göstərməsi ilə əlaqələndiriblər. Biz gərək elə çalışaq ki, nümunə kimi qalaq".

O.Şirəliyev vurğulayıb ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun İcraiyyə Komitəsinə üzv seçilməsi çox mühüm və tarixi hadisədir. Onun sözlərinə görə, ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyasında Azərbaycan İcraiyyə Komitəsinə üzvlüyə yekdil səslə seçilib. Yeni seçimi çox mühüm və nadir hadisə hesab edən nazirin sözlərinə görə, bu, Azərbaycana göstərilən etimadın nəticəsidir. Azərbaycanın bir neçə ÜST-nin rəhbər strukturlarında təmsil olunduğunu deyən nazir bildirib ki, hazırda İcraiyyə Komitəsinin 32 üzvü var: "Azərbaycan 2005-2008-ci illərdə İcraiyyə Komitəsində iştirak edirdi. 2009-2011-ci illərdə ÜST-nin Avropa Regional Bürosunun Daimi Komitəsinin nümayəndəsi seçilib".

Daha sonra O.Şirəliyev qeyd edib ki, sessiya öz işini başa çatdırsa da Avropa Regional Katibliyi sentyabrın 16-17-də də Bakıda fəaliyyətini davam etdirəcək, görüşlər təşkil olunacaq: "Sessiya çərçivəsində Azərbaycan nümayəndə heyətinin bir sıra ikitərəfli görüşləri olub. Eyni zamanda, Litva və Azərbayacan Səhiyyə nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb".

Bütün xəbərlər Facebook səhifəmizdə