Elsevər Ağayev: “Azərbaycanda pasiyentlər kimi, həkimlərin də hüquqlarını qoruyan normativ sənədlər olmalıdır”

Elsevər Ağayev: “Azərbaycanda pasiyentlər kimi, həkimlərin də hüquqlarını qoruyan normativ sənədlər olmalıdır”

\"Azərbaycanda pasiyentlər kimi, həkimlərin də hüquqlarını qoruyan normativ sənədlər olmalıdır\". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O bildirib ki, həkimlərin səhvlərinə müxtəlif sahənin mütəxəssisləri qiymət verməlidilər."Pasiyentlərin hüquqları haqqında" qanun layihəsinin hələ ki, müzakirə olunduğunu deyən E.Ağayevin sözlərinə görə, bu müzakirələr başa çatdıqdan sonra həkimlər üçün cəza tədbirlərinin necə olacağına baxılacaq: "Amma bu o demək deyil ki, bu gün səhiyyə nazirliyi tərəfindən hansısa cəza tədbirləri görülmür. Bu gün səhiyyənin əsas prioritetlərindən biri ana və uşaq ölümünün azaldılmasıdır. Azərbaycanda hər bir ana ölümü araşdırılır. Buna görə də yaxşı nəticə əldə olunur".

Nazir müavini vurğulayıb ki, Azərbaycanda ana və uşaq ölüm halları ilə bağlı əldə edilən göstəricilər Avropanın bir çox ölkələri ilə müqayisə oluna bilər. E.Ağayev ana ölümlərində həkim səhvlərinin olması hallarını da istisna etməyib. O bildirib ki, belə hallarda həkimlərə qarşı müxtəlif cəza tədbirləri görülür. E.Ağayevin fikrincə, həkim üçün ən böyük cəza tədbiri onun işdən çıxarılması, iş yerinin dəyişdirilməsi, töhmət verilməsi, inzibati cəza tədbirlərin görülməsidir. Nazir müavini onu da əlavə edib ki, Azərbaycanda ana və uşaq ölümü halları azalıb. O qeyd edib ki, Azərbaycanda 100 min diri doğulmuş uşağa ana ölümü göstəricisi 15-dən bir qədər artıqdır.

"Bu il 27 ana ölümü baş verib, bu isə respublika üçün böyük göstərici deyil. Hər halda bu da bizi narahat edir. Belə halların azaldılması üçün mütəmadi işlər aparılır. Ana və uşaqların sağlamlığının qorunması üçün dövlət proqramı qəbul olunub, Bu proqramda da həmin göstəricilərin azaldılması əsas prioritetlərdəndir".

Bütün xəbərlər Facebook səhifəmizdə