Respublika məktəbləri sabah başlayacaq yeni dərs ilini necə qarşılayır?
Sabah-sentyabrın 15-i Azərbaycanın bütün ümumtəhsil müəssisələrində yeni dərs ili başlayır. SİA-nın xəbərinə görə, 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması qərara alınıb, beləliklə, həmin gün Bilik Günü elan edilib. Artıq yeni dərs ilinə hazırlıq tədbirləri bu gün başa çatır, sabahdan isə bütün təhsil müəssisələri şagirdləri, müəllimləri, tələbələri yenidən qəbul edəcək.
Növbəti dərs ilinin proqnozları
Təhsil Nazirliyindən verilən xəbərə əsasən, 2011-2012-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin I sinfinə 124274 şagirdin qəbul olunacağı proqnozlaşdırılır. 2010-2011-ci dərs ilində I sinif şagirdlərinin sayı 120420 nəfər olub. Bu göstərici 2009-2010-cu tədris ilində isə 118947 nəfər təşkil edib.
Yeni tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərinin I sinfinə 33 min 464 şagirdin qəbulu gözlənilir. Ötən tədris ilində bu rəqəm32812 nəfər təşkil edib. Təhsil nazirinin əmri ilə təsdiq olunan müvafiq qaydalara əsasən, ümumtəhsil məktəblərinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda sentyabrın 15-dən oktyabrın sonunadək olan müddətdə 6 yaşı tamam olacaq istedadlı uşaqlar da məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər. Noyabr ayı ərzində 6 yaşı tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələsinə isə avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar verilir.
2011-2012-ci tədris ilində 47 yeni orta məktəb şagirdlərin istifadəsinə veriləcək. Bunlarla yanaşı, 6 məktəb əsaslı təmir edilib, ayrı-ayrı bölgələrdəki məktəblərə 2 milyon manat dəyərində 12957 parta, 1080 yazı lövhəsi, 2095 müəllim stolu, 3750 müəllim stulu verilib. Müqayisə üçün qeyd edək ki, 2010-2011-ci dərs ili ərəfəsində ölkədə 9380 yerlik 26 məktəb inşa olunub. Yeni məktəblərinin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturunun yeniləşdirilməsi nəticəsində, ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Son 10 ildə məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar sayəsində ikinövbəli məktəblərin faizi 73-dən 44-ə, ikinci növbədə təhsil alan şagirdlərin faizi isə 34,5-dən 21-ə enib.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda tədris ocaqlarının əsaslı təmiri və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulantədbirlər planına uyğun olaraq paytaxtda 111 təhsil müəssisəsinin əsaslı şəkildə təmirinə başlanılıb. Bunlardan 54-ü məktəb, 57-si isə uşaq bağçasıdır. Əsaslı təmir və yenidənqurma işləri ilə yanaşı, Dövlət Proqramına əsasən ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi də nəzərdə tutulub.
Məlumat üçün onu da qeyd edək ki, 2004-cü ildən Təhsil Nazirliyi tərəfindən 353 yeni məktəb binası, 184 məktəbin həyətində əlavə sinif otaqları və tədris korpusu inşa olunub. 176 məktəb əsaslı təmir edilib, 11 yeni məktəbəqədər təhsil müəssisəsi tikilib istifadəyə verilib. 50 məktəbəqədər təhsil müəssisəsində, 9 peşə məktəbində əsaslı təmir işləri aparılıb, 1 yeni peşə məktəbi üçün bina tikilib
Məktəblilərin dərsliklərlə təminatı
2011-2012-ci tədris ilinə II, IV və VII-XI siniflər üçün dövlət vəsaiti hesabına 102 adda 3463170 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çap olunaraq müvafiq bölgü əsasında yerlərə çatdırılması nəzərdə tutulub. Bu sıraya IV siniflər üçün 40 adda dərslik komplekti (19 adda dərslik, 21 adda müəllim üçün metodik vəsait), VII-XI siniflər üçün yeniləşdirilmiş proqramlar əsasında işlənib 38, II və VII-XI siniflər üçün mövcud proqramlar əsasında hazırlanan 24 adda dərslik daxildir. Bütün dərsliklərin hazırlanması tender yolu ilə yerinə yetirilib. IV siniflər üçün bütün dərslik komplektləri, VII siniflər üçün "Zoologiya", "İnformatika", "Fizika", "Rus dili", VIII siniflər üçün "Azərbaycan Respublikasının fiziki coğrafiyası", "Azərbaycan Respublikasının iqtisadi sosial coğrafiyası", "Zoologiya", "Rus dili", "Fransız dili", IX siniflər üçün "Yeni tarix", "Rəsmxət", "İnsan (Biologiya)", "Rus dili", "Fransız dili", X siniflər üçün "İnsan və cəmiyyət", "Gənclərin çağırışaqədərki hazırlığı", XI siniflər üçün "İnsan və cəmiyyət", "Gənclərin çağırışaqədərki hazırlığı" və "Rus dili" dərslikləri yenidən nəşr olunub. Hazırda dərslik və müəllim üçün metodik vəsaitlərin 70 faizindən çoxu çap olunaraq təhvil verilib və bu proses uğurla davam etdirilir. Eyni zamanda dərsliklərin yerlərə çatdırılması işinə başlanılıb.
2011-2012-ci tədris ilinin yenilikləri
İlk olaraq ibtidai siniflərin keçdiyi vahid məktəbli forması bu ildən Bakının bütün siniflərində tətbiq olunacaq. Bakı şagirdləri üçün 2 növ-I–VI siniflər üçün bir geyim forması, VII–XI siniflər üçün bir başqa forma müəyyənləşdirilib. Bu dərs ilindən etibarən vahid məktəbli geyimi bütün siniflər üzrə tətbiq olunacaq. İstisna hal kimi oktyabrın 1-dək məktəbli geyimini əldə etməyənlərə güzəşt ediləcək.Həmin gündən sonra isə güzəşt olmayacaq. Bu il tətbiq olunacaq yeni və vahid məktəbli forması 340 min paytaxt məktəblisinə şamil olunacaq.
Yeni tədris ilindən etibarən ölkə üzrə ümumtəhsil məktəblərinin akkreditasiyasına başlanacaq. Bu proses ilkin olaraq təhsil müəssisələrinin akkreditasiya qaydaları, ümumi təhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu və statusunu müəyyənləşdirən meyarlar əsasında 11 pilot məktəbi əhatə edəcək. Hazırda Azərbaycanda fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili müəssisələrinin akkreditasiyası keçirilir. Bu tədris ocaqlarının akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir. Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrinin də akkreditasiyadan keçirilmə qaydaları hazırlanır.
Biz də öz növbəmizdə sabah ilk dəfə məktəbə gedəcək birinciləri, artıq neçə illərini məktəbdə keçirən şagirdləri, məktəbdə son illəri olan 11-ciləri, ali məktəbə bu il qəbul olaraq ilk dəfə universitetə gedəcək tələbələri, bu il universiteti bitirəcək məzunları, şagird və tələbələrə dərs deyən müəllimləri, bir sözlə təhsil sahəsində olan hər kəsi "Bilik günü" münasibətilə təbrik edir və onlara yeni dərs ilində uğurlar arzulayırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB