ÜST Avropa Regional Komitəsinin 61-ci sessiyası öz işini davam etdirir-TƏDBİR
Xəbər verdiyimiz kimi, sentyabrın 12-dən etibarən "Gülüstan" sarayında öz işinə başlayan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyası bu gün də öz işini davam etdirir. SİA-nın xəbərinə görə, bu gün keçirilən sessiyalarda "Sağlamlıq 2020" proqramı müzakirə edilib və görüləcək işlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən ÜST-nin icraçı direktoru Marqaret Çan təşkilata daxil olan ölkələrdəki vəziyyətlə bağlı geniş məruzə ilə çıxış edib. O bildirib ki, tibb sektorunun inkişaf etdirilməsi üçün qeyri-infeksion xəstəliklərlə ciddi məşğul olmaq lazımdır. Onun sözlərinə görə, Sağlamlıq-2020 siyasəti Avropa regionunda sağlamlığa və firəvan yaşayışa yeni baxış nəzərdə tutur.
"Siyasətin əsaslarına görə, hər bir kəsin sağlamlığının tam potensialına nail olmaq imkanı olmalıdır" - deyən M.Çan vurğulayıb ki, cəmiyyətin hərtərəfli inkişaf etməsi üçün sağlamlıq əsas rol oynayır. O əlavə edib ki, Sağlamlıq-2020 bu məqsədə nail olmaq üçün öz töhfəsini verəcək strateji idarəetmənin və sağlamlığın qorunması işinin təşkilində, sağlamlığın qorunması və sağlamlığa nail olmaq üçün maneələrin azaldılması üçün yeni formalar təklif edir. Bu siyasət sosial ədalətə daha çox riayət etməklə sağlamlığın yaxşılaşdırılması və Avropada yaşayanların firavanlığın səviyyəsi qaldırmaq üçün yolları göstərəcək. Onun fikrincə, beş əsas fəaliyyət planı qeyri-infeksiya xəstəliklərinə (QİX), alkoqol, QİÇS/SPİD, dərmanlara davamlı vərəm və antibiotiklərə davamlılıq kimi 5 əsas problemə aiddir.
Tədbirin davamında bir sıra ölkələrin nümayəndələrin çıxışları dinlənilib və müzakirələr aparılıb. Hazırda sessiya işini davam etdirir və tədbir müvafiq məruzələrin dinlənilməsi ilə davam edir.
Qeyd edək ki, sessiya sentyabrın 15-də yekunlaşacaq. ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyasının keçirilməsində əsas məqsəd Avropa regionunda sağlamlığın yaxşılaşdırılmasına və səhiyyənin inkişafına kömək göstərməkdir. Sessiyada 5 həyati vacib məsələ - yoluxucu olmayan xəstəliklərə və vərəmə qarşı mübarizə, alkoqolizm, antibiotiklərə qarşı davamlılıq, QİÇS və antibiotiklərdən düzgün istifadə problemlərini milli və regional səviyyədə müzakirə olunacaq. Bundan əlavə, sessiyada qeyri-yoluxucu xəstəliklər, alkoqol, HİV/QİÇS, vərəm və antibiotiklərdən düzgün istifadə, tibbin son nailiyyətləri barədə məruzələr dinləniləcək və qərarlar veriləcək.
Sentyabrın 15-dək davam edəcək sessiyada region sakinlərinin sağlam həyat tərzi ilə bağlı 2020-ci ilədək dövrü əhatə edəcək proqram qəbul olunacaq. Tədbir çərçivəsində bir çox sənədlərin imzalanması da gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB