Zsuzsanna Jakob : “Azərbaycanda ölkə prezidentinin səhiyyə sahəsində həyata keçirilən tədbirlərə birbaşa dəstək verməsi ən mühüm addımdır”

Zsuzsanna Jakob : “Azərbaycanda ölkə prezidentinin səhiyyə sahəsində həyata keçirilən tədbirlərə birbaşa dəstək verməsi ən mühüm addımdır”

Xəbər verdiyimiz kimi, sentyabrın 12-15-də Bakıda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun 61-ci sessiyası keçiriləcək. Bununla əlaqədar olaraq bu gün ÜST-nin Avropa Regional Bürosunun rəhbəri Zsuzsanna Jakob və səhiyyə nazirinin müavini Elsevər Ağayevin iştirakı ilə jurnalistlər üçün mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, ÜST-nin Avropa Regional Bürosunun rəhbəri Zsuzsanna Jakob bildirib ki, sessiya çərçivəsində Azərbaycandakı səhiyyə sahəsində mövcud olan təcrübədən yararlanmağa çalışacaqlar. Son illərdə Azərbaycanda səhiyyəyə ayrılan vəsaitin həcminin artdığını deyən Z.Jakob ölkədə çoxsaylı tibb ocaqlarının, tibb mərkəzlərinin tikilərək istifadə verildiyini deyib. O vurğulayıb ki, Azərbaycanda ölkə prezidentinin səhiyyə sahəsində həyata keçirilən tədbirlərə birbaşa dəstək verməsi isə ən mühüm addımdır\". Onun sözlərinə görə, bu nailiyyətlər, görülən işlər regional komitənin iclasında milli və beynəlxalq səviyyədə müzakirə ediləcək. O qeyd edib ki, beynəlxalq tədbirdə dünyanın 51 ölkəsindən 400-ə yaxın qonaq iştirak edəcək.

"Sessiya çərçivəsində Azərbaycanın Səhiyyə Nazirliyi ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu arasında əməkdaşlıq haqqında sənədin imzalanması nəzərdə tutulur. Sessiyada səhiyyə sistemində yeni nailiyyətlərin tətbiqi, vərəmə dair strategiyanın qəbul olunması və antibiotiklərin düzgün istifadəsi kimi məsələlər ətrafında müzakirə aparılacaq. ÜST-nin əsas məqsədi əhalinin sağlamlığını yaxşılaşdırmaq və bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasından asılıdır", - deyə o əlavə edib.

Daha sonra Z.Jakov Avropanın səhiyyə sahəsindəki mövcud vəziyyət barədə məlumat verib. O bildirib ki, son 20 ildə Avropada uzunömürlülük artıb. Qeyd edib ki, ancaq regionun müxtəlif ölkələrində bu göstərici üzrə 20 ilə qədər fərq nəzərəçarpacaq dərəcədədir: "Məqsədimiz bu fərqləri mümkün qədərilə azaltmaqdan ibarətdir. Bu fərqləri aradan qaldırmaq üçün 2020-ci ilə qədərki dövrü əhatə edəcək proqram hazırlanır. Səhiyyə sektorunda mövcud vəziyyəti təkmilləşdirmək üçün nəinki səhiyyə, bütün sahələrlə məşğul olmaq lazımdır. Ona görə də bu məsələlərdə sektorlararası əlaqələr çox vacibdir. Bununla yanaşı 2015-ci ilə qədərki dövrü əhatə edəcək kompleks sənədlər hazırlanır. Bu tədbirlərlə yanaşı Avropada ictimai sıhiyyənin təkmilləşdirilməsi üçün tədbirlər görülür. Bir sözlə, bu sahədə islahatlar aparılmalı və təşkilatı işlər effektiv şəkildə araşdırlmalıdır".

Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev isə Azərbaycanda belə bir tədbirin keçirilməsinin səhiyyəninn inkişafına mühüm töhfələr verəcəyinə inandığını deyib.

Konfransın davamında jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə