Əjdər Ağayev: “Aparılan elmi tədqiqatların bugünki keyfiyyəti alimləri qane etmir” - MÜSAHİBƏ
Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru Əjdər Ağayevin SİA-ya müsahibəsi
- Əjdər müəllim, Milli Məclisin payız sessiyasında Elm Haqqında Qanun layihəsinin qəbulu nəzərdə tutulur. Bu qanunun qəbulu Azərbaycan elminin inkişafına hansı töhfələr və yeniliklər gətirəcək?
- Hələ Təhsil Haqqında Qanunu hazırlayarkən Elm Haqqında Qanunun hazırlanması söhbəti də gedirdi. İndi artıq bu qanun layihəsi hazırdır və bu birinci növbədə elmi-tədqiqat fəaliyyətinin hüquqi əsaslarını konkret müəyyənləşdirir. Bir var həvəsə, hər hansı bir institutun planlaşdırmasına, istəyə görə nəsə etmək, bir də var ki, bunların hüquqi əsası var. Elmi-tədqiqat işləri elmi-tədqiqat institularında aparılmalıdır. Burada doktoranturaya qəbul, elmi adların verilməsi məsələlərin verilməsi məsələləri əsas yer tutur. Elmi fəaliyyət sadəcə kitab yazmaq, ixtira etmək, kəşflər və s ilə bitmir. Bunların içərisində təsərrüfat üçün böyük əhəmiyyəti olan tədqiqatlar var. Bunlar adi tədqiqatlardan fərqlənir. Ona görə də bunlar rəğbətləndirilməli, mükafatlandırılmalıdır. Mükafatın necə, hansı şərtlə verilməsi məsələləri də qanunda öz əksini tapıb. Ümumiyyətlə, elmi-tədqiqat işi aparanların hüquqları, vəzifələri, elmi əlaqələr, ünsiyyət formaları, onun təşkili üçün ayrılan vəsait müəyyənləşməlidir. Bizi birinci növbədə düşündürən məsələ odur ki, bu qanun layihəsi hansı uğurları, nailiyyətləri gətirə bilər. Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi kimi qeyd edim ki, elmi tədqiqatların bugünki keyfiyyəti alimləri qane etmir. Tutaq ki, pedaqoji sahdəə elmi-tədqiqat işi aparmaq üçün insanlar məktəblərə ezam olunmalı, eksperiment qoymalı, nəticəsini hasil etməli, nəticə çıxarılmalıdır ki, belə bir problem onu düşündürür. Nə üçün təlim rus dilində olan məktəblərdə keyfiyyət faizi yüksək olur, uşaq daha fəal, zirəng olur. Təlimi Azərbaycan dilində olan məktəblərdə keyfiyyət faizi o qədər olmur. Əlbəttə, bunu tam demək mümkün deyil. Ümumi orta səviyyədə deyirəm, çünki belə olan yaxşı məktəblərimiz də var. Amma əksəriyyətində oxuyan da azərbaycanlıdır, dərs deyən də azərbaycanlıdır. Bəs niyə belə vəziyyət yaranır? Bütün bunların nədən belə olduğunu öyrənmək üçün hər ikisinə eksperiment qoyulmalı, müşahidələr aparılmalıdır. Bunun üçün də vəsait lazımdır. Amma lazımi vəsaitlər yoxdur. Vəsait çatışmazlığından bəzi disertant, doktorantlar təcrübələrinə əsasən güman etdikləri ilə uyğunlaşdırırlar. Ola bilsin ki, digər sahələrdə də belə hallar var. İstərdim ki, bu qanun həqiqi mənada alim olmaq niyyəti, elmi bacarığı, həvəsi, səriştəsi olan adamların inkişafına yol açsın. Bu gün belələri də çoxdur ki, diplom cibində olsa da elmi təfəkkür səviyyəsi aşağıdır. Az da olsa belələri var. İkincisi elmi nailiyyətlərin tətbiqini istərdim. Təcrübə artıq nəhəng daşıdır, həqiqəti meydana çıxarır. O zaman meydana çıxır ki, bu alimin faydalılığı nə oldu, onun eksperimentlərinin tətbiqi nə dərəcədə həqiqi və doğrudur. Düşünürəm ki, yeni qanun bunlara imkan verəcək. İnanıram ki, Elm Haqqında Qanun qəbul edildikdən sonra onun reallaşmasında obyektivlik, ədalətlilik və şəraityaratma imkanları icraçılar tərəfindən lazımi səviyyədə yerinə yetiriləcəksə, onun faydalı olacağına şübhə yoxdur.
- Təhsil Krediti Haqqında Qanunun qəbulu da nəzərdə tutulur. Bu qanunla bağlı nə deyə bilərsiniz və tələbələr bundan necə yararlanacaq?
- Bu da mühüm məsələdir. Bəlli olduğu kimi, dünyanın sivil ölkələrinin hamısında təhsil krediti deyilən anlayış var və tətbiq olunur. Təhsil krediti o deməkdir ki, tələbələrə öncədən kreditlər ayrılır. Bu qanunda müəyyənləşdirəcək ki, onu hansı formada versinlər. Qanunu bir neçə dəfə oxumuşam və ətraflı tanış olmuşam.
ABŞ-da təhsil krediti bütün tələbələr 5%-lə 10-30 il arasında verilir. Deməli, bu illər ərzində tələbə aldığı borcu 5%-də əlavə etməklə geri qaytarmalıdır. Norveçdə isə 20 ilə 5%-lə kredit verilir. Danimarkada isə aztəminatlı və yaxşı oxuyan tələbələrə verilir. Burada təhsil aldıqları müddətdə 4%, sonra işlədiyi illər üçün aldığı məbləğdən asılı olaraq bank özü müəyyənləşdirir. Rusiyada bütün tələbərə 10%-lik, amma 10 il müddətinə verilir, Ukraynada da eyni vəziyyətdir. Belə bir praktikalar imkan verir ki, Azərbaycan onu lazımi səviyyədə tətbiq edə bilsin. Kreditin ödənməsi məsələsi də qanun da var və xüsusi əhəmiyyət daşıyır. Bu qanun da imkan verir ki, onun təşkilninin hüquqi əsasları konkret meydanda olsun. Bu o qədər də sadə məsələ deyil. Belə ki, bu sosial, iqtisadi, maliyyə məsələsidir. Ona görə də burada iqtisadçılar mühüm rol oynamalıdır. Bunun da iki istiqmaəti var-təhsil və sosial xərclərini ödəmək üçün kredit. Hansı tələbəyə bu istiqamətlərdən hansının daha vacib olduğu müəyyənləşdirilməlidir. Bu qanun tətbiq olunanda tələbələr küsdürülməsin, get-gələ salınmasın. Bu gün xüsusən həssas, hər şeyi qanunla görmək istəyən tələbələr də var. Azərbaycanda bəzi idarələrdə insani münasibətlər hələ də lazımi səviyyədə deyil. Bəzi idarələrin rəhbərləri onlara müracitə edənlərə yuxarıdan aşağıya baxırlar. Əgər tələbə demokratik mühiti olan ali məktəbdə təhsil alıbsa, belə bir insanla qarşılaşanda narazıçılıq yaranır. Psixoloji vəziyyət bugünki mühit üçün vacibdir. İnsanlar gərək bunu nəzərə alsınlar. Təhsil kreditləri haqqında qanun layihəsi qəbul olunacaqsa, bu tələbələrin sosial-iqtisadi vəziyyətinin yaxşılanmasına kömək edəcək. Tələbələrin təhsil və sonradan iş fəaliyyətini qurmağa yardımçı olacaq.
- Yeni dərs ilinin başlanmasına az vaxt qalıb. Azərbaycan prezidenti İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sahəsində yeni məktəb binaları inşa olunur, çoxsaylı təhsil müəssisələri təmir edilir. Bu diqqət və qayğını necə dəyərləndirirsiniz?
- Bunun yeganə cavabı var ki, çox yaxşı, yüksək və ürəkdən sevinən bir insan kimi fəaliyyətləri izləyirəm. Pedaqoji sahədə 50 ildən çox müddət ərzində çalışan bir insan kimi ölkə başçısı və onun xanımının təhsilə göstərdiyi diqqət və qayğı məni və bütün təhsil ictimaiyyətini fərəhləndirir. Ölkə başçısı əgər bir məktəbin açılışında iştirak edirsə, bu, onun tikintisi və məktəbdə keçiləcək təhsilə marağını ifadə edir, xalqı, oxuyanları həvəsləndirir. Bu istiqamətdə Mehriban xanımın işlərini ayrıca qeyd etmək istərdim. Təbii ki, bütün işlər prezidentin ideyasının həyata keçirilməsidir. Onun ideyaları, təklifləri, istəklərini həyata keçirmək imkanı olanlar icra edir. Mehriban xanımın isə təkcə məktəb tikintisində yox, qayğıya ehtiyacı olan uşaqlara məhəbbəti, xəstə uşaqlara diqqəti, musiqinin təbliği, istedadlı uşaqların aşkar olunması istiqamətində də mühüm işlər görür. Ümummilli lider Heydər Əliyevin zamanında Azərbaycanın dünyada tanıdılmasına ehtiyac var idi. Ulu öndər Azərbaycanı dünyaya tanıtdı. Indi Heydər Əliyev deyəndə bilirlər ki, Azərbaycandır, Azərbaycan deyəndə isə bilirlər ki, Hedər Əliyevin yaratdığı ölkədir. Eləcə də indi ölkə prezidenti daxili və xaricdə özününü siyasi fəaliyyətində, Mehriban xanım birbaşa maarifçilik və mədəni fəaliyyətində bunu dünyaya tanıtdırır. Bu çox geniş və hər kəsə məlum olan mövzudur. Mən mütəxəssis və bu sahənin ağsaqqalı kimi Mehriban xanımın, İlham Əliyevin fəaliyyətini dəstəkləyərək, rəğbət göstərərək onlara can sağlığı, uğurlar diləyirəm. Təki bu işlərdən çox olsun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB