Fərzəli Qədirov: \"Elə məktəb var idi ki, ibtidai sinif müəllimi üzrə 1 yerə 500 nəfər sənəd vermişdi\" - MÜSAHİBƏ

Fərzəli Qədirov: \"Elə məktəb var idi ki, ibtidai sinif müəllimi üzrə 1 yerə 500 nəfər sənəd vermişdi\" - MÜSAHİBƏ

Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirovun SİA-ya müsahibəsi



- Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin ikinci mərhələsi də artıq başa çatıb. Müəllimlərin bilik səviyyəsini və müsabiqənin nəticələrini necə qiymətləndirirsiniz?


- Artıq avqustun 29-da müəllimlərin işə qəbulu üzrə müsabiqəni başa çatdırmışıq. Demək olar ki, müsabiqənin bir mərhələsi artıq bitib. Bütün fənlər üzrə müsabiqənin ikinci mərhələsi arxada qalıb. Bəzi fənlər üzrə artıq müsahibə mərhələsi də yekunlaşıb. İbtidai sinif, ingilis dili, Azərbaycan dili və ədəbiyyat, kimya müəllimləri ilə bağlı müsabiqənin nəticələrinə əsasən yerləşdirmə aparılır. Müəllimlər artıq iş yerlərini bilirlər. Eyni zamanda, vakant yerləri də elan etmişik ki, kifayət qədər bal toplayanlar həmin vakant yerlərinə getmək, oraları seçmək istəsələr artıq bizə ərizələrlə müraciət ediblər. Biz indi onların ərizələrinə baxırıq.



- Bəs, növbəti mərhələdə bu vakant qalan yerlərə yerləşdirmə necə aparılacaq?


- Yenə də bütün ərizələr toplanacaq, onların siyahısı hazırlanacaq, qarşısıında hamısının balları yazılacaq və seçdikləri məktəblər göstəriləcək. Biz bunların hamısını yığıb onlarla birlikdə bu prosesi həyata keçirəcəyik. Orada hamı görəcək ki, əgər vakant yerə 10 nəfər ərizə veribsə, onların arasında ən yüksək balı olan vakant yerə yenidən işə qəbul olunacaq. Beləliklə, bütün fənlər üzrə belə bir prosedur həyata keçirəcəyik. Qeyd edim ki, müsabiqənin ilkin mərələsinin nəticələri artıq təhlil olunub, amma ümumilikdə bu təhlillər sonra aparılacaq. Çünki bir çox yerlər üzrə vakant yerlər hələki elan edilməyib və ərizələr toplanmayıb. Ona görə də bu gün nə qədər vakant yerin qaldığını demək mümkün deyil. Ancaq təxminən demək olar ki, 2 mindən bir qədər artıq vakant yer elan etmişdik. Hesab edəm ki, bu yerlərin 70%-i tutulacaq. Digər 30%-nin tutulması ilə bağlı həmin ərizələri təhlil edəcəyik. Baxacayıq ki, əgər həmin yerlərə gedən varsa, onları da göndərəcəyik. Yenə də əgər vakant yerlər qalarsa, ola bilər ki, sonradan həmin vakant yerlərə yenidən müsabiqə keçirə və yaxud yenidən bizim ehtiyat kadrlar siyahısına daxil olmuş müəllimlərimiz həmin yerlərə getməyi arzu edərlərsə, onlarla bağlı qərarlar qəbul edə bilərik.



- İmtahanla bağlı bəzi fikirlər səsləndirilir ki, suallar əvvəlki illərə nisbətən bu il xeyli çətin olub. Sizin bu fikirlərə münasibətiniz necədir?


- Bizə də belə suallar verirlər. Amma qeyd edim ki, sualların çətinlik dərəcəsi orta səviyyəli və ümumtəhsil məktəblərinin proqramlarına uyğundur. Əlbəttə, humanitar fənlər üzrə yox, daha çox riyaziyyat, fizika, kimya fənləri üzrə müəllimlər belə bir fikirlər söyləyirdilər. Ancaq imtahanda iştirak edən digər müəllimlər deyirlər ki, suallar çox yaxşıdır və orta səviyyəlidir. Xüsusi suallarla bağlı müəllimlər tərəfindən narazıçılıq olmayıb. Ancaq əlbəttə, bəzi fənlər üzrə nəticələr aşağı olub. Biz hələ də tam təhlil aparmamışıq, çünki nəticələr hələ də yekunlaşmayıb. Bütün nəticələr yekunlaşandan sonra çox ciddi təhlillər aparılacaq. Hətta ali məktəbin, orta ixtisas məktəbinin məzunlarının hansı nəticələr göstərdiklərini yoxlayıb təhlillər aparacağıq. Sonra həmin təhsil müəssisələri ilə bu məsələni müzakirə edəcəyik. Bu il müsabiqədə çox böyük bir rəqabət var idi. Hətta Bakı şəhərində elə məktəb var idi ki, ibtidai sinif müəllimi üzrə 1 yerə 500 nəfər sənəd vermişdi. Əlbəttə, bunların arasından ən yaxşıları seçilməlidir. Güman edirik ki, onları seçdik və suallar da buna imkan verdi. Yenidən suallar bazamıza nəzər yetirib təhlillər aparacağıq ki, növbəti illər üçün bunu daha da təkminləşdirək və optimal edək.



- Ölkədə rus dilinin tədrisi ilə bağlı müəyyən problemlərin olduğu qeyd olunur. Ümumiyyətlə, rus dili təhsilinin inkişafı, müəllimlərin sonrakı taleyi necə olacaq?


- Ölkədə rus dilinin tədrisi ilə bağlı məsələ bu gündən başlamayıb. Artıq 10 ildən çoxdur ki, prosesə başlanıb və Azərbaycanda yeni nəsil tədris planları, standartları tətbiq olunur. Bu standartlara əsasən rus dili xarici dillərdən biri kimi tədris olunur. Tədris planında da ingilis, alman, fransız dilləri kimi rus dili də müəllimlər, şagirdlər, valideynlər tərəfindən seçilirsə, o xarici dil kimi tədris olunur. Biz həmin dövrdən də rus dili müəllimlərinin yenidən hazırlanması prosesinə başlamışdıq. Bu gün artıq rus dili problemi Təhsil Nazirliyi qarşısında dayanmır. Həmin müəllimlərin bir çoxu öz ixtisaslarını dəyişərək yeni ixtisaslara yiyələndilər. Məsələn, onların bir çoxu Azəbaycan dili müəllimi oldu, bir çoxu psixoloq kimi məktəbdə işləməyə başladı. Eyni zamanda, məktəbdə rus dili xarici dil fənni kimi seçilirsə, onlar bu fənni də tədris etmək imkanına malikdirlər. Ancaq bir müsbət məsələni də qeyd edim ki, artıq növbəti ildən V sinifdən yeni kurrikulumun tətbiqinə başlanacaq. Tədris planında ikinci xarici dil üçün saatlar ayrılacaq. Yəni, əgər hər hansı bir məktəb ingilis dili ilə yanaşı rus dilini də tədris etmək istəyirsə, valideynlər, uşaqlar buna razılıq verirsə, həmin məktəblərdə çox gözəl imkanlar yaranır ki, orada eyni sinifdə həm ingilis, həm də rus dili xarici dil kimi tədris olunsun. Ancaq bir məsələni də deyim ki, bu, Bakı və Gəncə kimi şəhərlərdə aktual məsələ kimi qeyd olunmur. Respublikanın rayonlarında da rus dili hazırda da əksər məktəblərdə tədris olunur və rus dili müəllimlərinin elə bir ciddi problemi yoxdur. Onlar öz məktəblərində kifayət qədər dərs saatları ilə işləyirlər. Bu gün təhsil sistemində bu dillə bağlı hansısa bir problemi görmürük.

Bütün xəbərlər Facebook səhifəmizdə