Bakıda Təhsil İşçilərinin Respublika Konfransı keçirilib - YENİLƏNİB-FOTO

Bakıda Təhsil İşçilərinin Respublika Konfransı keçirilib - YENİLƏNİB-FOTO

Bu gün Gülüstan sarayında Təhsil İşçilərinin Respublika konfransı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə təhsil naziri Misir Mərdanov, Tələbə Qəbulu Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, baş nazirin müavini Elçin Əfəndiyev, Prezident Administrasiyasının Huminatar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, millət vəkilləri, ali və orta məktəblərin rəhbərləri və təhsil ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanaov bildirib ki, builki tədbir Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin bərpa olunmasının 20 illik yubileyi ərəfəsində təşkil olunub. Nazir qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyinin 20 ili ərzində mühüm inkişaf yolu keçib və bu inkişaf özünü təhsil sahəsində də göstərməkdədir: "Bu gün Azərbaycan dünya birliyinə inteqrasiya olunur və bütün sahələrdə çox mühüm addımlar atır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədə sabitlik yarandı və geniş islahatlar aparılmasına başlanıldı. İslahatlar son 8 ildə Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət proqramları cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir və bütün sahələrdə də inkişaf göz qabağındadır. Təhsil infrastrukturunun yaradılması, milli təhsil sisteminin qurulması və digər bu kimi istiqamətlərdə də uğurlu addımlar atılır".

Nazir qeyd edib ki, əvvəlki illərdən fərqli olaraq bu il konfrans fərqli formatda təşkil olunub. Belə ki, ölkədə mövcud olan statistika və digər rəqəmlərlə bağlı məlumatları rəhbərlik deyil, həmin işlə bilavasitə məşğul olan insanlar özləri məlumat veriblər.

Tədbirin davamında çıxış edən 85 saylı bağçanın müdiri Kəmalə Abbasova ölkədə məktəbəqədər təhsilin vəziyyəti və mövcud problemləri barədə məlumat verib. O bildirib ki, hazırda Azərbaycanda 112 892 uşağın tərbiyə olunduğu 1638 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir: "2009-cu ildən indiyə qədər Azərbaycanda 23 məktəbəqədər təhsil müəssisəsi tikilib, 3 uşaq bağçası əsaslı təmir olunub, bağçalarda uşaqların sayı 9265 nəfər artıb.

Hazırda ölkə üzrə uşaqların 17,6 faizi məktəbəqədər təhsil müəssisələrinə gedir. Bakı üzrə 2009-cu ildə 31 min 102 uşaq məktəbəqədər təhsil müəssisələrində tərbiyə olunurdusa, 2010-cu ildə bu rəqəm 34 min 369 nəfər təşkil edib. 2011-ci ildə Azərbaycanın məktəbəqədər təhsil müəssisələrində 9646 nəfəri əhatə edən 370 məktəbəqədər hazırlıq qrupu fəaliyyət göstərib.

Tədbirin davamında Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, təhsil ictimayətinin digər nümayəndələri ölkədə mövcud vəziyyətlə bağlı müxtəlif təqdimatlar ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə