Orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb

Avqustun 28-də ümumi orta təhsil bazasında (9 illik ) orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb. TQDK-dan SİA-ya verilən xəbərə görə, nəticələr komissiyanın internet saytında yerləşdirilib. İmtahanlar respublikanın Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay və Xaçmaz şəhərlərində təşkil olunub. Cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında ayrılmış 9642 plan yerinə 31251 abituriyent sənəd verib. Onlardan 30768 nəfəri imtahanda iştirak etmiş, 442 abituriyent imtahana gəlməyib.

Abituriyentlərdən 55 nəfəri isə imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunublar. Nəticələrə əsasən, abituriyentərdən 9227 nəfəri orta ixtisas təhsili müəssisələrinə qəbul olublar. Qəbul olanlar sentyabrın 6-dan 14-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə