Səbail rayonunda yeni dərs ilinə hazırlıq hansı səviyyədə aparılır? - FOTOSESSİYA

Səbail rayonunda yeni dərs ilinə hazırlıq hansı səviyyədə aparılır? - FOTOSESSİYA

Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti hər zaman diqqət mərkəzində olub. Rayonda 5 ali, 17 orta və 17 məktəbəqədər təhsil müəssisəsi mövcuddur ki, onların yeni dərs ilinə hazırlığı və yay mövsumu ərzində məktəblərdə aparılan təmir işlərinə RİH-nin tərəfindən nəzarət daha ciddi şəkildə aparılıb. Bu barədə SİA-ya Səbail RİH-nin şöbə müdiri İsrafil Kərimov məlumat verib.

2010-cu ilin noyabr ayında ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən 6 saylı məktəb-liseyin binası sökülərək yeni müasir dizaynlı layihə əsasında 2270 şagird yerlik yeni bina tikintisinə başlanıb və hazırda burada dərs ilinə son hazırlıq işləri aparılır.

Cari ilin aprel ayının 20-də ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Səbail rayonunun Badamdar qəsəbəsində yeni 120 yerlik uşaq bağçası və 880 şagird yerlik ümumtəhsil məktəbinin tikintisinə başlamaq üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılıb, tikinti üçün torpaq sahəsi müəyyənləşdirilib, gözəl və müasir layihə işlənib, hazırda tikinti işlərinə başlanması üçün müvafiq sənədləşdirmə-razılaşdırma işləri başa çatmaq üzrədir.

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"da Səbail rayonuna geniş yer ayrılıb, rayon üzrə 8 orta, 1 Peşə məktəbinin, 2 uşaq bağçasının, 1 Uşaq yaradıcılıq Mərkəzi və Texniki Yaradıcılıq Birliyinin əsaslı təmiri, 1 orta məktəb üçün yeni akt və idman zallarının tikintisi nəzərdə tutulub. Səbail rayonunda indiyə kimi hələ heç vaxt təhsil müəssisələri ilə bağlı belə böyük işlər nəzərdə tutulmayıb.

Ölkə başçısının sərəncamının icrası ilə bağlı RİH tərəfindən tədbirlər planı hazırlanıb, məktəblərdə təmirlərin vaxtında və yüksək keyfiyyətlə aparılması üçün görülən işlər ciddi nəzarət altına alınıb, rayonun texniki və digər kommunal xidmətləri bu prossesə cəlb olunublar. İyun ayında başlanan işlər çərçivəsində 2 saylı Texniki-Humanitar Elmlər liseyi, 1880-ci ildə inşa olunan 51 saylı orta məktəb, rayonun ən qocaman məktəblərindən biri olan 91 və 189 saylı orta məktəblər, 160 saylı Klassik Gimnaziya ilə yanaşı 1 əsrdən çox yaşı olan 6 saylı Bakı Peşə Məktəbi, 20 saylı Uşaq yaradıjılıq mərkəzi və 35 saylı Texniki Yaradıjılıq Mərkəzində əsaslı təmir-yenidənqurma işləri artıq başa çatıb və hazırda məktəblərdə son tamamlama işləri aparılır, məktəblərin yeni müasir avadanlıqlarla, tələb olunan dərslik və ləvazimatlarla təmin olunması prossesi gedir.

Hazırda 7 saylı orta məktəb üçün idman və akt zalı olan əlavə korpus, 49 saylı orta məktəb üçün yeni 660 şagird yerlik əlavə korpusların, həmçinin 3 saylı Uşaq Musiqi məktəbinin sökülərək yenidən tikintisi, daha 3 uşaq bağçasının əsaslı təmiri aparılır. Rayonun orta məktəblərində aparılan təmir-yenidənqurma işləri ölkə rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır. Sevindirici haldır ki, bu ilin mart ayının 11-də ölkə başçısı cənab İlham Əliyev Səbail rayonundakı 6 saylı məktəb-liseydə, avqustun 16-da 189 saylı orta məktəbdə və sentyabrın 1-də isə 160 saylı Klassik gimnaziyada olub, burada aparılan əsaslı təmir işlərinin gedişi ilə tanış olaraq müvafiq göstərişlər verib.

Bütün bunların nəticəsidir ki, keçən tədris ilinin yekunlarına görə Səbail rayonu 51 və 91 saylı orta məktəbləri "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin, rayonun 6 müəllimi "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərindən olub, 6 məzun qızıl və 1 məzun gümüş medala layiq görülüb. 2010-2011-ju tədris ilində rayonun orta məktəblərini bitirmiş məzunlardan 842 nəfəri tələbə adını qazanıb, məzunlarından 81 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olub, 4 nəfər Prezident təqaüdünə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə