TQDK: \"Bu gün saat 14:00-dan imtahan binaları bağlanaraq mühafizəyə götürüləcək\"

TQDK: \"Bu gün saat 14:00-dan imtahan binaları bağlanaraq mühafizəyə götürüləcək\"

Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirəcək. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, hazırda imtahanların keçiriləcəyi bütün binalarda TQDK-nın və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən baxış keçirirlər. Bu gün saat 14:00-dan imtahan binalarının bağlanaraq mühafizəyə götürüləcəyini deyən E.Nağızadə bildirib ki, imtahan rəhbərləri və nəzarətçilərlə, eyni zamanda regionlarda imtahan nəzarətçiləri ilə sonuncu təlimat işləri yekunlaşmaq üzrədir.

"Cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında 635 ixtisas üzrə 46 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır. Ayrılan 9642 plan yerindən 8449-u Azərbaycan bölməsinə, 312 yer rus bölməsinə, 881 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir. Qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay və Xaçmaz şəhərlərində keçiriləcək. Bakı şəhərində 12911, Sumqayıtda 1956, Naxçıvanda 1070, Gəncədə 4052, Lənkəranda 2102, Mingəçevirdə 1273, Şəkidə 1714, Şirvanda 1632, Ağcabədidə 850, Göyçayda 1824, Xaçmazda 1867 abituriyent imtahan verəcək. Avqustun 24-dən etibarən abituriyentlər bu gündən elektron ərizələrini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasından "İmtahana buraxılış vərəqəsi"ni və "Abituriyentin vəsiqəsi"ni əldə edirlər. Bu vaxta kimi, qəbul imtahanında iştirak etmək üçün 31 250 abituriyent qeydiyyatdan keçib. Abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər. Rus bölməsinin abituriyentləri ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı Azərbaycan dil fənnindən də imtahan verəcəklər. Həmin abituriyentlərə Azərbaycan dilindən 5, rus dilindən isə 10 sual təqdim olunacaq. İmtahan nəticələrinin emalına sentyabrın 1-dən başlanacaq və sentyabrın 3-dək cavabların elan olunacağı gözlənilir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə