Vahid məktəbli formasının baha qiymətə satılmasında kim məsuliyyət daşıyır?-ŞİKAYƏT
Bildiyimiz kimi, bu ildən paytaxtın bütün məktəblərində vahid məktəbli forması tətbiq olunacaq. Vahid məktəbli formasının tətbiqinə nəzarət edən və bu prosesi nizamlayan dövlət qurumu Bakı Şəhəri üzrə Təhsil İdarəsi, formaların seçim prosesini reallaşdıran Valideyn-Müəllim Assosiasiyası, formaları istehsal edən isə Bakı Tikiş Evidir.
2011-2012-ci tədris ilindən etibarən bütün məktəbləri əhatə etməklə 2 formada vahid məktəbli geyimi tətbiq ediləcək. IV sinif şagirdlərinin vahid məktəbli forması bir, VII-XI sinif şagirdlərinin geyimi isə başqa bir formada olacaq. Bildirək ki, valideynlərin işini asanlaşdırmaq məqsədilə Bakı Tikiş Evinin paytaxtın 11 rayonunda məktəbli formalarının satışına dair ixtisaslaşmış mağazaları fəaliyyət göstərir.Hər kəs yaşadığı rayondakı mağazalara gedə və formaları rahatlıqla əldə edə bilərlər.
Lakin son günlər məktəbli formalarının bəzi ölçülərinin olmaması, onların göstərildiyindən daha artıq qiymətə satılması ilə bağlı müxtəlif müraciətlər daxil olur. Bu gün isə belə bir hal Bakı Tikiş Evinin Xətai rayonu üzrə məktəbli formalarının satışını həyata keçiriın "Amay" Ticarət Mərkəzində qeydə alınıb. Belə ki, I-IV siniflər üçün məkəb dəsti 40 manat olduğu halda, bu geyim valideynə 48 manata satılıb. Valideyn bildirib ki, yaxın olduğu üçün məktəbli geyimini almaq üçün "Amay" Ticarət Mərkəzindəki satış məntəqəsinə müraciət edib. Burada isə III sinif üçün 34 ölçülü məktəbli geyimi 48 manata satılıb. Bunun səbəbini soruşduqda isə məsələni çox uzatmamağı və real qiymətin belə olduğunu bildiriblər.
Məsələyə aydınlıq gətirmək üçün ilk öncə Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq. İdarənin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib ki, məktəbli geyimlərinin ucuz və ya ya baha satılması onların məsuliyyətində olan bir şey deyil: "Biz idarə olaraq məktəblərdə vahid formanın tətbiq olunması ilə bağlı qərar qəbul etdik. Bundan sonra, Bakı Tikiş Evi müraciət edərək paytaxt məktəblilərini forma ilə təmin edəcəyini bildirdi. Bu günə kimi də kimsə onlardan qabağa keçərək bildirməyib ki, biz bu işi həyata keçirə bilərik. Bizim üçün əsas vacib olan məktəbli geyiminin rəngi və formasıdır. Bu gün də hansısa valideyn eyni rəngli parçanı əldə edərək eyni formada məktəbli geyimini tikdirə bilər. Məktəbli formasının qiymətinə gəlincə isə qeyd edim ki, bunu Tarif Şurası təmzimləyir. Məktəli geyimlərinin qiyməti Tarif Şurası tərəfindən müəyyən edilir və nəzarət olunur".
Məsələyə aydınlıq gətirmək üçün Bakı Tikiş Evi ilə əlaqə saxlamağa çalışdıq. Lakin, BTE-nin sədri Fədail Rəhimovun mobil nömrəsi hər zaman qapalı vəziyyətdədir, şəhər nömrələrində də cavab verən olmadı.
Xatırladaq ki, Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov mətbuat orqanlarından birinə verdiyi açıqlamada məktəbli formalarının qiymətlərinə aydınlıq gətirib. O qeyd edib ki, məktəbli formalarının qiymətləri bütün mağazalarda lövhələrə yazılaraq divarlara asılıb: "I-VI siniflər üçün 26-38 ölçü məktəbli dəstinin qiyməti 40 manatdır. Dəstə köynək, jilet, pencək, qızlar üçün yubka, oğlanlar üçün isə şalvar daxildir. Ayrı-ayrılıqda götürəndə 26-38 ölçü kostyumun qiyməti 30 manat, jilet 5 manat, köynək 5 manatdır. 40-44 ölçü dəstin qiyməti 45 manat, yuxarı siniflər üçün 38-48 ölçü dəstin qiyməti isə 53 manatdır. 50-54 ölçü dəstlər isə 55 manata satılır".
Belə olduğu halda məktəbli geyimləri niyə baha qiymətə satılır? İnanırıq ki, bu yazıdan sonra vahid məktəbli geyimlərinin baha qiymətində kimin məsuliyyətli olması müəyyənləşəcək. Sonda isə hər zaman şagird və valideynlər əziyyət çəkir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB