Növbəti dərs ilinə hazırlıq işləri necə gedir?-AKTUAL

Növbəti dərs ilinə hazırlıq işləri necə gedir?-AKTUAL

Artıq bütün respublika ərazisində mövcud olan məktəblərdə yeni tədris ilinin başlanmasına ciddi hazırlıq işləri gedir. SİA-nın xəbərinə görə, sentyabrın 15-də məktəblərin başlanmasına sayılı günlər qalıb və bütün müəssiələrdə müxtəlif işlər həyata keçirilir. Məktəblərdə əsaslı təmir-tikinti işləri aparılır, müəllimlər dərs saatlarını əldə edir, valideynlər və şagirdlər, tələbələr isə tədris ili üçün lazımi avadanlıqları, məktəbli geyimlərini əldə edirlər və s.

Avqustun 15-dən etibarən müəllimlər yay məzuniyyətlərini başa vuraraq yenidən işlərinə qayıdıblar. Məzuniyyətdən qayıdan müəllimlər arasında hazırda dərs bölgüsü aparılır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, orta məktəblərdə çalışan müəllimlərin həftəlik iş yükü 24 saatdan çox olmayacaq. Cari ildən müəllimlər üçün dərs bölgüsündə məhdudiyyətlər tətbiq olunacaq və qərar yeni tədris ili üçün dərs yükünün bölgüsündə nəzərə alınacaq.

Bundan əlavə, hazırda 6 yaşı tamam olan uşaqların da orta məktəblərdə birinci sinfə qəbulu aparılır. Təhsil nazirinin müvafiq əmri ilə təsdiq olunan "Qaydalar"a əsasən, ümumtəhsil məktəblərinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olan əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda 6 yaşı sentyabrın 15-dən oktyabrın sonunadək olan müddətdə tamam olmuş istedadlı uşaqlar məktəbdə yaradılan komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər. Noyabr ayı ərzində 6 yaşı tamam olmuş xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbuluna isə avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılan komissiya tərəfindən baxılıb müvafiq qərar verilir.

Növbəti tədris ilində ölkənin ümumi təhsil məktəblərinin I sinfinə 124274 şagirdin qəbul olunacağı proqnozlaşdırılır. ötən illərlə müqayisədə bu rəqəm 2010-2011-ci dərs ilində 120420 nəfər, 2009-2010-cu tədris ilində isə 118947 nəfər təşkil edib. 2011-2012-ci tədris ilində paytaxtın ümumi təhsil məktəblərinin I sinfinə 33 min 464 şagirdin qəbulu gözlənilir. Keçəntədris ilində bu rəqəm 32812 nəfər təşkil edib.

Bundan əlavə, hazırda Təhsil Nazirliyi tərəfindən iyulun 1-dən məktəblərdəki vakant yerlərə müəllimlərin işə qəbulunu aparılır. Mərkəzləşdirilmiş qaydada, üç mərhələli müsabiqə yolu ilə işə qəbul sentyabrın 10-dək başa çatacaq və yeni müəllimlər növbəti dərs ilində yeni işlərlə təmin olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə