Bu gün orta məktəblərdə işləmək istəyən informatika müəllimləri imtahan verir
Bu gün 2011-2012-ci dərs ilində Azərbaycanda orta məktəblərdə işləmək istəyən müəllimlər üçün növbəti imtahan keçirilir. Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirovun SİA-ya verdiyi xəbərə görə, bu gün informatika müəllimləri öz biliklərini sınayacaqlar. O bildirib ki, informatika müəllimi işləmək üçün 188 vakant yerə 440 müəllim elektron ərizə verib. F.Qədirovun sözlərinə görə, 188 vakant yerin 29-u Bakı şəhərinin, 156-sı isə respublikanın digər rayonların payına düşür: "Müəllimlərin işə qəbulu üçün imtahanlar tam olaraq avqustun 30-da başa çatacaq. "İmtahanlar haqqında məlumatlar elektron ərizə verən hər bir müəllimin şəxsi kabinetinə göndərilib. İmtahanda hər bir namizəd kompyuter qarşısında əyləşərək 1 saat ərzində ona verilən sualları cavablandıracaq. İmtahanda namizədə 35 sual təqdim ediləcək. İmtahan bitən kimi namizəd öz cavabını öyrənəcək. Namizədin topladığı bal kompyuterdə göstəriləcək".
Şöbə müdiri qeyd edib ki, növbəti imtahan sabah coğrafiya, avqustun 29-da gənclərin çağırışaqədərki hazırlığı, əmək hazırlığı, musiqi və nəğmə, təsviri incəsənət, avqustun 30-da isə fiziki tərbiyə müəllimliyi ixtisasları üzrə imtahanlar keçiriləcək.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 2177 vakant yerə 9342 nəfər ərizə təqdim edib. 2177 vakant yerin 374-ü Bakı, 1803-ü isə digər şəhər və rayonların payına düşür. Elektron ərizə verən 9342 müəllimin 1834-ü ibtidai sinif, 1389-u Azərbaycan dili və ədəbiyyat, 1018-i riyaziyyat, 440-ı informatika, 506-sı fizika, 338-i kimya, 436-sı biologiya, 761-i tarix, 408-i coğrafiya, 1610-u ingilis dili, 307-si fiziki tərbiyə, 68-i gənclərin çağırışaqədərki hazırlığı, 137-si əmək hazırlığı, 47-si musiqi və nəğmə, 43-ü təsviri incəsənət və rəsmxət ixtisasları üzrədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB