Məktəblər yeni tədris ilini qarşılamağa hazırdırlarmı? – ARAŞDIRMA
Artıq məktəblərdə yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Hər il olduğu kimi, bu il də bəzi məktəblilər yeni tədris ilini yenidən tikilən və əsaslı təmir edilən məktəblərdə qarşılayacaqlar. Amma bütün bunlarla bərabər hələ də tikintisini gözləyən və təmirə ehtiyacı olan məktəblərimiz var.
Bu gün Azərbaycanda məktəb tikintisi prioritet sahələrdən biridir və bu sahədə bir neçə Dövlət Proqramı qəbul olunub. Əldə etdiyimiz məlumata görə, son illər Azərbaycanda yeni tikilən, əlavə korpuslar inşa edilən, əsaslı təmir olunan məktəblərin sayı 2000-i keçib. Son illər məktəb tikintisi ilə bağlı bir neçə fakta baxsaq görərik ki,2009-cu ildə 68 yeni məktəb və əlavə korpuslar tikilib, 28 məktəb əsaslı təmir olunub, 87 məktəbin istilik sistemi bərpa edilib. 2010-cu ildə 17434 yerlik 49 yeni məktəb inşa edilib, 10 məktəb üçün 1418 yerlik əlavə korpuslar tikilib, 7 məktəb əsaslı təmir olunub, 356 məktəbdə təmir işləri aparılıb, 6980 yerlik 25 yeni məktəb binasının tikintisinə başlanılıb. Əlbəttə, yeni məktəblər həm də yeni avadanlıqlarla təmin olunub. Dövlət Proqramına əsasən 2005-2010-cu illərdə 1100 məktəb 4 adda zəruri avadanlıqla - şagird masası, yazı löhvəsi, müəllim masası və stulu ilə təchiz edilib.
Bundan əlavə, 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına əsasən orta ümumtəhsil məktəblərinin binalarında əsaslı təmir və yenidənqurma işləri aparılır. 2011-2013-cü illərdə Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq Bakı şəhərində 6320 şagird yerlik məktəb binalarının tikintisi həyata keçirilir. Son illərdə Bakıda 30 yeni məktəb, 28 tədris korpusu istifadəyə verilib, əksər tədris müəssisələrinin istilik problemi həll edilib. Yeni təhsil müəssisələrinin tikintisi, mövcud məktblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla, laboratoriyalarla təminatı, istilik sisteminin bərpası nəticəsində ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin, yəni bütün şagirdlərin 80 faizinin təlim şəraiti yaxşılaşdırılıb.
Təhsil Nazirliyinin əsaslı tikinti idarəsinin müdiri Allahverdi Dəmirov bildirib ki, 2011-2012-ci dərs ilini 12180 nəfər şagird yeni tikilən 47 məktəbdə qarşılayacaq. O bildirib ki, yeni dərs ili ərəfəsində 6 məktəb əsaslı təmir edilib. Lənkəran şəhəri 4 nömrəli məktəbdə 560 yerlik əlavə 28 sinif otağının inşa olunduğunu deyən şöbə müdiri vurğulayıb ki, ayrı-ayrı bölgələrdəki məktəblərə 2 milyon manat dəyərində 12957 parta, 1080 yazı lövhəsi, 2095 müəllim stolu, 3750 müəllim stulu verilib "2010-2011-ci dərs ili ərəfəsində respublikada 9380 yerlik 26 məktəb istifadəyə verilib, 12 məktəb və 6 uşaq bağçası əsaslı təmir edilib. 50-dən artıq rayonun ümumtəhsil məktəblərinə 2009-2010-cu dərs ilində olduğu kimi, 27414 parta, 2315 yazı lövhəsi, 4313 müəllim stolu, 7662 müəllim stulu göndərilib".
Bakı şəhər Təhsil İdarəsinin yaydığı xəbərə görə isə Bakıdа 6320 şagird yerlik məktəb binasının, 2 məktəbdə idman və akt zalının, 120 yerlik uşaq bağçasının tikintisi, 36 məktəbdə və 57 uşaq bağçasında əsaslı təmir, 4 uşaq bağçasında isə bərpa və gücləndirmə işləri həyata keçirilir. 2010-2011-ci tədris ilində 10 körpələr evi – uşaq bağçasında Azərİstilik ASC tərəfindən müəssisələrin istilik sistemi dəyişdirilib. Təhsil Nazirliyi tərəfindən isə 7 körpələr evi–uşaq bağçasında istilik sistemi dəyişdirilərək yenisi ilə əvəz edilib. Aparılan araşdırmalar zamanı məlum olub ki, 40 körpələr evi–uşaq bağçasında istilik sisteminin bərpasına ehtiyac var. Həmin bağçaların siyahısı artıq Təhsil Nazirliyinə təqdim edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində də əsaslı təmir işlərinə başlanılıb. Təmir işləri 3 müəssisəsində aparılır. Həmin müəssisələr 13 № - li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər (İOEUG) İdman Məktəbi, 20 № - li Uşaq Yaradıcılıq Mərkəzi (UYM) və 35 № - li Texniki Yaradıcılıq Mərkəzidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB