Səhiyyə naziri Oqtay Şirəliyevə Çinə dəvət olunub

Səhiyyə naziri Oqtay Şirəliyevə Çinə dəvət olunub

Bu gün Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Çin Xalq Respublikasının səhiyyə nazirinin müavini prof. Nuanq Jiefin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, O.Şirəliyev qonaqları səmimi salamlayaraq onların ölkəmizə səfərlərindən məmnunluq duyduğunu bildirib. Görüş zamanı nazir Çinin qədim və qüdrətli bir ölkə kimi səhiyyə sahəsinin də qədim köklərə və hərtərəfli inkişafa malik olduğunu bildirib. Hələ 2008-ci ildə Çində olarkən Çin səhiyyəsinin iki istiqamətdə Avropa və ənənəvi Çin Təbabəti istiqamətində inkişafını müşahidə etdiyini nəzərə çatdıran O.Şirəliyev hər iki istiqamətdə gözəçarpan nailiyyətlərin əldə olunduğunu vurğulayıb. Təsadüfi deyil ki, ÜST-nin Baş Katibi kimi məsuliyyətli vəzifə çinli Marqaret Cana həvalə olunub.Marqaret Canın namizədliyini məmnuniyyətlə dəstəkləyən ölkələrdən biri də Azərbaycanın olduğunu qeyd edən O.Şirəliyev bu günə kimi xanım Marqaret Canla səmimi dost münasibətlərində olduqlarını bildirib və bu dostluğun nümunəsi kimi baş katibin ölkəmizə səfərini xatırladıb.

Nazir həmçinin bildirib ki, ölkə rəhbərləri səviyyəsində ölkələrimiz arasında olan daimi dostluğun həm də səhiyyə sahəsində inkişafı çox arzuolunandır. Çin səhiyyəsinin bütün sahələri kimi əczaçılıq sahəsinə böyük diqqət və nəzarət var və orada demək olar ki, bu sahədə neqativ hallara rast gəlinmədiyini bildirən səhiyyə naziri Oqtay Şirəliyev Çin səhiyyəsinin təcrübəsindən ölkəmizdəistifadə olunmasının tərəfdarı olduğunu qeyd edib.

Ölkəsinin ünvanına söylənən xoş sözlərə və səmimi qarşılanmaya görə minnətdarlığını bildirən prof. Nuanq Jiefin də öz növbəsində ilk dəfə olduqları Azərbaycanın onlara çox böyük təsurat bağışladığını qeyd edib. Qısa müddət olmasına baxmayaraq Azərbaycanda bütün sahələrində sürətlə gedən islahatlardan, istər dövlət, istərsə də özəl səhiyyə sektorundakı hazırkı inkişafdan xəbərdar olduqlarını vurğulayıb. Nuanq Jief də ölkəsinin daim inkişafda olan Azərbaycan səhiyyə təcrübəsindən yararlanması arzusunda olduğunu dilə gətirib və bunun üçün də qısa vaxt ərzində xüsusi tərəfdaşlıq planın hazırlanacağını nəzərə çatdırıb.

Görüşün sonunda qonaqlar nazir Oqtay Şirəliyevə Çin səhiyyə nazirinin ölkələrinə dəvətini çatdırıblar.

Məlumat üçün qeyd edək ki, Çin Xalq Respublikası nümayəndə heyətinin Azərbaycana səfəri 27 avqust tarixlərinə kimi davam edəcək və bu ərəfələrdə qonaqların bir sıra tibb müəssisələrində olması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə