Bu gündən “İmtahana buraxılış vərəqəsi” və “Abituriyentin vəsiqəsi”nin verilməsinə başlanıb

Bu gündən “İmtahana buraxılış vərəqəsi” və “Abituriyentin vəsiqəsi”nin verilməsinə başlanıb

Avqustun 28-də keçiriləcək ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək istəyən abituriyentlər bu gündən elektron ərizələrini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasından "İmtahana buraxılış vərəqəsi"ni və "Abituriyentin vəsiqəsi"ni əldə edə bilərlər. TQDK-nın mətbuat katibi Elnur Nağızadə SİA-ya verdiyi xəbərə görə, abituriyentlər imtahana "İmtahana buraxılış vərəqəsi"ni, şəxsiyyəti təsdiq edən sənədin əslini və "Abituriyentin vəsiqəsi"ni mütləq gətirməlidirlər. Onun sözlərinə görə, göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

"TQDK tərəfindən abituriyentlərə Sənəd Qəbulu Komissiyasında ödənişsiz "Yaddaş kitabçası" təqdim olunacaq, ki, burada onların imtahanda davranış qaydaları, hüquq və vəzifələri geniş şərh olunub. İmtahan binasına köməkçi vasitə gətirmək qəti qadağandır. Buraxılış rejimində uzərində mobil telefon, konspekt və digər yardımcı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq, onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaqlar", - deyə o əlavə edib.

Qeyd edək ki, cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında 635 ixtisas üzrə 46 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır. Ayrılan 9642 plan yerindən 8449-u Azərbaycan bölməsinə, 312 yer rus bölməsinə, 881 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir. Qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay və Xaçmaz şəhərlərində keçiriləcək. Bakı şəhərində 12911, Sumqayıtda 1956, Naxçıvanda 1070, Gəncədə 4052, Lənkəranda 2102, Mingəçevirdə 1273, Şəkidə 1714, Şirvanda 1632, Ağcabədidə 850, Göyçayda 1824, Xaçmazda 1867 abituriyent imtahan verəcək.

Abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər. Rus bölməsinin abituriyentləri ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı Azərbaycan dil fənnindən də imtahan verəcəklər. Həmin abituriyentlərə Azərbaycan dilindən 5, rus dilindən isə 10 sual təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə