Azərbaycan və Belçika universitetləri arasındakı əməkdaşlıq müzakirə edilib-FOTO
Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luk Troyen ilə görüşüb. ADU-dan SİA-ya verilən xəbərə görə, görüşdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova da iştirak edib.
Qonağı salamlayan rektor onu Azərbaycan Dillər Universitetində görməkdən məmnun olduğunu bildirib. Rektor S.Seyidov qeyd edib ki, ADU çox surətlə inkişaf edən universitetdir və birincilik üçün əlindən gələn hər şeyi edir. ADU-nun mədəni, beynəlxalq əlaqələr, dil, tərcümə və s. sferalarda yüksək şəkildə ixtisaslaşdığını söyləyib. Rektor S.Seyidov ADU-da ingilis, fransız və alman dillərinin tədrisinin prioritet təşkil etdiyini vurğulayıb. O həmçinin sözlərinə onu da əlavə edib ki, bu dillərdən başqa koreya, yapon, hind, malayziya, norveç, ərəb, fars, italyan, ispan dilləri də tədris edilir. Bununla bərabər həmin dillərin mərkəzləri də ADU-da fəaliyyət göstərir. Onu da qeyd etmək vacibdir ki, ADU-da fəaliyyət göstərən İnformasiya Resurs Kompleksindən nəinki ADU tələbələri, hətta digər universitetlərin tələbələri və xaricilər də yararlanırlar. O vurğulayıb ki, ADU-da bir sıra xarici mütəxəssislər, o cümlədən Oslo universitetinin mütəxəssisləri çalışır. Rektor ADU-da 5000 tələbənin təhsil aldığını səfirin diqqətinə çatdırıb. Rəhbərlik etdiyi ali təhsil ocağında müxtəlif fakültələrin və kafedraların fəaliyyətindən söhbət açıb, eləcə də ADU-da Boloniya sisteminin tətbiq olunmasından danışıb. Bununla yanaşı, rektor S.Seyidov Essex Universiteti ilə mövcud olan əlaqələri önə çəkib, ADU ilə Essex universiteti arasında müqavilənin imzalanmasını qonağın diqqətinə çatdırıb. Bu müqaviləyə əsasən tələbələrin ikili diplom alacaqlarını qeyd edib.
Səfir Luk Troyen öz növbəsində Azərbaycanın Rusiya Federasiyası və Türkiyə ilə tarixi, mədəni, dil əlaqələrinin mövcudluğundan söhbət açıb. O, ADU ilə Belçika universitetləri arasında gələcək əməkdaşlıqla bağlı müzakirə apararaq bu sahədə maraqlı olduqlarını bildirib. Səfir vurğulayıb ki, Azərbaycan hökuməti tələbələrin xarici ölkələrdə təhsil almasına yardım göstərir.
ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova isə ADU-nun Hacettepe və Strasburq universitetləri arasında əməkdaşlığından danışıb, Belçikanın Antverp universiteti ilə mövcud əlaqələrindən söz açıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB