“Bu il 99 peşə üzrə 16570 nəfərin ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunması planlaşdırılıb” - AÇIQLAMA
2011-2012-ci tədris ili üzrə ilk peşə-ixtisas təhsili
müəssisələrinə şagird qəbulu aparılır. Təhsil Nazirliyinin Texniki peşə təhsili
şöbəsinin müdiri Namiq Məmmədovun SİA-ya verdiyi xəbərə görə, sənədlərin qəbulu
sentyabrın 1-dək aparılacaq. Onun sözlərinə görə, şagirdlərin seçim prosesi isə
sentyabrın 1-dən 10-dək həyata keçiriləcək. "Cari ildə ümumilikdə 99 peşə
üzrə 16570 nəfərin ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul ediləcəyi
planlaşdırılıb. Onlardan 14190 nəfərinin dövlət vəsaiti hesabına, 2380 nəfərinin
isə ödənişli əsaslarla təhsil alacağı nəzərdə tutulur. Qəbul planı müəyyənləşdirilərkən
respublikada bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlət və qeyri-dövlət
müəssisələrinin ixtisaslı kadrların hazırlanması ilə bağlı sifarişləri və
ictimaiyyətin ilk peşə-ixtisas təhsilinə dair arzuları nəzərə alınıb. Xidmət,
ticarət və ictimai iaşə, bədii və zərgərlik məmulatları istehsalı, mühasib-fərdi
kompüter operatoru, əməliyyatçı mühasib,aşbaz-qənnadıçı, şirniyyatçı daha
çox tələbat olan istiqamət və peşələrdəndir. Kənd təsərrüfatı sahəsi üzrə
genişprofilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü,
meliorasiya işlərinin traktorçusu, avtomobil, kənd təsərrüfatı maşın və
avadanlığının təmiri üzrə çilingər peşələrinə də böyük ehtiyac duyulur.
İqtisadiyyatın bütün sahələri üçün ümumi olan elektrik-qaz qaynaqçısı, elektrik
avadanlığının təmiri və xidməti üzrə montyor, habelə digər peşələri də bu
sıraya aid etmək olar", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB