AMEA doktoranturaya sənəd qəbulunu elan etdi

AMEA doktoranturaya sənəd qəbulunu elan etdi

Bu gündən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) doktoranturaya sənəd qəbulu elan edib. AMEA-nın vitse-prezidenti Arif Haşımovun SİA-ya verdiyi xəbərə görə, akademiyanın və respublikasının digər elmi müəssisələri, təşkilatları üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə qəbul elanı "Elm" qəzetinin 23-24-cü saylarında dərc olunub. Doktoranturaya sənəd qəbulu sentyabrın 1-dən 30-dək aparılacaq, qəbul imtahanları isə oktyabrda keçiriləcək.

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənəd vermək istəyən şəxslər doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına ərizə, kadrların şəxsi-qeydiyyat vərəqi, tərcümeyi-hal, 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə), iş yerindən xasiyyətnamə, iş stajı olanlar üçün əmək kitabçasından çıxarış, çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat, ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə), şəxsiyyəti təsdiq edən sənədin surətini, elmlər doktoru hazırlığı üzrə doktoranturaya namizədlər isə doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına ərizə, kadrların şəxsi-qeydiyyat vərəqi, tərcümeyi-hal, 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə), iş yerindən xasiyyətnamə, əmək kitabçasından çıxarış, çap olunmuş elmi işlərin siyahısı, "Fəlsəfə doktoru" və ya "Elmlər namizədi" elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti, ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə), şəxsiyyəti təsdiq edən sənədin surətini təqdim etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə