TQDK avqustun 28-də orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirəcək

TQDK avqustun 28-də orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 28-də 2011-2012-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirəcək.

SİA-nın xəbərinə görə, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.Onun sözlərinə görə, ümumi orta təhsil bazasına tələbə qəbulu iyunun 2-də elan edilib: \"Qəbul qaydaları, qəbul haqqında elan, qəbul aparılan ixtisasların siyahısı və plan yerləri haqqında məlumat abituriyent jurnalının 4-cü sayında dərc olunub. Bu il iki ildir ki, ümumi orta təhsil bazasına tələbə qəbulu ilə bağlı abituriyentlər ərizələrini internet vasitəsilə doldururlar.

Məleykə Abbaszadənin sözlərinə görə, qəbul imtahanında iştirak etmək üçün 31 251 abituriyent ərizə təqdim edib. Abituriyentin "imtahana buraxılış vərəqəsi" və "abituriyentin vəsiqəsi"ni elektron ərizələrini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasından avqustun 24-27-də əldə edə biləcəklərini deyən komissiya sədri vurğulayıb ki, bu il 9 illik orta təhsil bazasında 635 ixtisas üzrə 46 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır: \"Ayrılmış 9 642 plan yerindən 8 449-u Azərbaycan bölməsinə, 312 yer rus bölməsinə, 881 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir.

Qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay və Xaçmaz şəhərlərində keçiriləcək. Bakı şəhərində 12 911, Sumqayıtda 19 56, Naxçıvanda 1070, Gəncədə 4052, Lənkəranda 2102, Mingəçevirdə 1273, Şəkidə 1714, Şirvanda 1632, Ağcabədidə 850, Göyçayda 1824, Xaçmazda 1867 abituriyent imtahan verəcək. Abituriyent 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər. Rus bölməsinin abituriyentləri rus dili fənni ilə yanaşı Azərbaycan dili fənnindən də imtahan verəcəklər. Belə ki, həmin abituriyentlərə Azərbaycan dilindən 5, rus dilindən isə 10 sual təqdim olunacaq\".

İlkin Nəcəfli

Bütün xəbərlər Facebook səhifəmizdə