Köklük xroniki xəstəliyə çevrilib - ARAŞDIRMA

Köklük xroniki xəstəliyə çevrilib - ARAŞDIRMA
Köklük günün probleminə çevrilib. Onunla mübarizə üçün vahid resept mövcud olmadığından piylənmə geniş yayılmış xroniki xəstəliklərdən birinə çevrilib. Azərbaycanda da aktual olan bu problemdən əsasən qadınlar əziyyət çəkir.
Statistika Komitəsindən verilən məlumatına görə, hazırda ölkədə 40-55 yaş arasında hər 4 qadından 1-i piylənmədən əziyyət çəkir. Azərbaycanda kişilər arasında orta statistik çəkinin normal - 71 kq olmasına baxmayaraq, onların arasında da bu problemlə üzləşənlər az deyil.

Arıqlamağın ən yaxşı üsulu idman hesab edilsə də buna tənbəllik edənlər dərman preparatlarına üstünlük verir. Hətta köklükdən can qurtarmaq üçün əməliyyata gedənlər də var. Mütəxəssislər isə bu üsulların gələcəkdə problemə səbəb ola biləcəyini deyir.

Bu gün apteklərdə müxtəlif adda və növdə onlarca dərman preparatları var. Onların əksəriyyəti bitki mənşəli fito - çaylar, kofelər, "xudoe kofe" son vaxtlar dəbə düşən "Formula – 7" adlı yeni preparatın da satışı geniş təşkil olunub.

Apteklərdə keçirdiyimiz sorğu zamanı əczaçılar preparatların kifayət qədər alıcısı olduğunu dedilər. Bu dərmanlar reseptsiz satılır və qiymətləri o qədər də baha deyil. Hazırda satışda 5 manatdan 50 manatadək preparatlar var.
Onu da deyək ki, apardığımız müşahidələr zamanı preparatların əksəriyyətinin Çin istehsalı olduğunu şahidi olduq. Onu da öyrəndik ki, bu preparatların əksəriyyəti iştahı öldürən preparatlardır. Onların tərkibindəki aktiv komponentlərin təsiri nəticəsində orqanizmdə piy və xolestilinin sintezi əngəllənir, nəticədə çəki artımının qarşısı alınır. Bundan sonra amin turşuları orqanizmdən piy qatlarını çıxarır və aclıq hissi insandan uzaqlaşır.

Analitik Ekspertiza Mərkəzindən SİA-ya verilən məlumatda bildirilir ki, arıqlamaq üçün nəzərdə tutulan preparatların heç biri dərman hesab edilmədiyindən onlar laboratoriyada yoxlanılmır: \"Bu preparatlar apteklərdə satılsa da, qidaya əlavə hesab olunur və həmin səbəbdən də onlara sertifikat verilmir. Ona görə də həmin preparatların nə dərəcədə xeyirli və ya zərərli olması ilə bağlı fikir söyləyə bilmərik\".

Endokrinoloq Afət Qurbanova isə insanları birmənalı olaraq bu preparatlardan imtinaya çağırdı: "Bu preparatlarının tərkibi bəlli deyil. Onların əksəriyyəti qarın işlədən çaylarıdır. Onların orqanizm üçün hansısa fəsadlar verə biləcəyi istisna deyil. Çayların mütəmadi qəbulu hormonal dəyişikliklərə, mədə-bağırsaq sistemi pozğunluğuna, böyrək və ciyərlərin sıradan çıxmasına səbəb ola bilər. Xüsusilə hipertoniya, mədə, böyrək xəstəlikləri zamanı onların qəbulu yol verilməzdir.

Mütəxəssis köklükdən əziyyət çəkənlərə ağılla arıqlamağı məsləhət gördü: "Arıqlamaq üçün ən yaxşı vasitə idmandır. Ürəyi xəstə olanlar kofenin içinə süd əlavə edə bilərlər. Kofe fiziki idman zamanı insana enerji verir və piy bu üsulla əriyir. Ancaq idman etmədən kofe içərək arıqlamaq mümkün deyil. Kalorili yeməkləri menyudan çıxarmaq, fiziki aktivliyi artırmaq, açıq havada qaçmaq, meyvə-tərəvəz, süd məhsullarından istifadə də təbii arıqlamağa zəmin yaradır".

Bütün xəbərlər Facebook səhifəmizdə