Orta məktəb müəllimləri müsabiqədə hansı nəticələri göstərirlər?

Orta məktəb müəllimləri müsabiqədə hansı nəticələri göstərirlər?

Azərbaycanda orta məktəb müəllimlərinin işə qəbulu üzrə müsabiqə davam edir. Üç mərhələli müsabiqə yolu ilə aparılan müsabiqələr sentyabrın 10-dək başa çatacaq. Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirov SİA-ya verdiyi xəbərə görə, iyulun 1-dən 15-dək davam edən I mərhələdə ölkə üzrə 2177 vakant yerə 10 min nəfər iddiaçı elektron ərizə verib. Onun sözlərinə görə, 8700 iddiaçının ərizəsi təsdiq edilib və onlar müsabiqənin II mərhələsinə buraxılıblar. O bildirib ki, hazırda namizədlər müsabiqənin II mərhələsi üzrə test imtahanında iştirak edirlər: "İbtidai sinif müəllimi ixtisası üzrə ərizə verənlərin sayı daha çox olub. Bu ixtisas üzrə 110 vakant yerə qarşı 1722 nəfər ərizə verib. İbtidai sinif müəllimi ixtisası üzrə iyulun 26-dan iyulun 30-dək davam edən imtahanlarda 1244 iddiaçı iştirak edib. Müsabiqənin nəticələrinə əsasən 77 nəfər işə qəbul olunub. Vakant qalmış 33 yer keçid balı toplayıb, lakin qəbul olunmamış müəllimlərə təklif edilib. Hazırda ibtidai sinif müəllimi ixtisası üzrə vakant qalan 33 yerə ərizə qəbulu davam edir".

Avqustun 1-dən isə ingilis dili ixtisası üzrə imtahanların aparıldığını deyən F.Qədirov qeyd edib ki, bu ixtisas üzrə 241 vakant yerə qarşı 1529 nəfər imtahana buraxılıb. Onun sözlərinə görə, avqustun 8-dən 11-dək isə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmək istəyən 1389 nəfər imtahan verib: "Nəticələr avqustun 12-də məlum olacaq. Növbəti imtahan avqustun 12-də kimya müəllimi işləmək istəyənlər üçün nəzərdə tutulub. Daha sonra isə tarix, biologiya, fizika, riyaziyyat, informatika, coğrafiya, musiqi və nəğmə, təsviri incəsənət, gənclərin çağırışaqədərki hazırlığı, əmək hazırlığı və fiziki tərbiyə fənləri üzrə imtahanlar keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə