Ölkədə şəkərli diabet xəstəliyinin diaqnostikası və müalicəsi üçün mühüm layihənin icrasına başlanıb
İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların hazırlanması və tətbiqi, xəstəliyin profilaktikasına dair populyar ədəbiyyatın, bukletlərin, vərəqələrin (lefletlərin), plakatların çap edilməsi, diabetin fəsadlarının profilaktikası məqsədilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səadət Hənifəyevanın SİA-ya verdiyi xəbərə görə, tədbirlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən "2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı"nın icrası üçün Səhiyyə Nazirliyinin Tədbirlər Planına uyğun olaraq aparılır.
Onun sözlərinə görə, layihənin məqsədi respublikanın şəhər və rayonlarında təlim məktəbləri yaratmaqla, ilkin səhiyyə xidməti göstərən tibb işçiləri, şəkərli diabet xəstələri, risk qrupuna aid əhali arasında bu xəstəlik və onun fəsadlarının profilaktikası barədə bilik, bacarıq, müəyyən vərdişlərin artırılmasına nail olmaqdır. Avqustun 8-dən başlayaraq, 2 həftə ərzində İSİM-də baş diabet məktəblərinin təlimçiləri üçün təlimlərin keçirildiyini, rayonlarda təşkil olunacaq diabet məktəblərinə, onların davamlı fəaliyyəti üçün təşkilati-metodik köməklik göstərildiyini deyən şöbə müdiri bildirib ki, bu da gələcəkdə dövlət proqramında respublikada yaradılması nəzərdə tutulan təlim məktəbləri üçün model kimi götürüləcək və bu məktəbləri təlim materialları, vasitələri ilə təmin edəcək.
"Təlimlər Rusiya Səhiyyə və Sosial İnkişaf Nazirliyinin Endokrinoloji Elmi Mərkəzinin şöbə müdiri tibb elmləri doktoru Aleksandr Mayorov tərəfindən aparılır. Keçirilən təlimlərdə şəkərli diabetlə bağlı həkim-endokrinoloqların və tibb bacılarının maarifləndirilməsi nəzərdə tutulur. Bunun üçün buklet, kitabça, poster, təlim materialları paketi, risk qrupuna aid əhali və xəstələr üçün məlumat paketi hazırlanacaq. Layihə çərçivəsində Bakıda və respublikanın rayonlarında lazımi avadanlıqlarla təchiz edilən 7 "diabet məktəbi"nin təşkili, həmin məktəblərin proqramlar, metodiki vəsaitlər və ədəbiyyatlarla təminatı planlaşdırılır. Layihədə nəzərdə tutulan Lənkəran, Sumqayıt şəhərlərində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali arasında bu xəstəliyə dair məlumatlılığın vəziyyətinin ilkin qiymətləndirilməsi məqsədilə sorğu vərəqələri hazırlanıb və 1000 respondent arasında sorğu aparılıb. Sorğunun nəticələri təhlil edilib, fəaliyyət planı tərtib edilib", - deyə o əlavə edib.
S.Hənifəyeva qeyd edib ki, sorğunun nəticələrinə görə, həm şəkərli diabeti olan insanların, həm də risk qrupuna daxil olan əhalinin bu sahədə biliklərinin artırılması məqsədəuyğun hesab edilib. Onun fikrincə, sağlam həyat tərzi vərdişləri şəkərli diabetin və onun fəsadlarının profilaktikasının təməlini təşkil edir. O deyib ki, təlimdə iştirak edən həkim-endokrinoloqlar və tibb bacıları təlimdən sonra qeyd edilən regionlarda yaradılan diabet məktəblərində ilkin səhiyyə xidməti göstərən tibb işçilərinə, diabetli xəstələrə və risk qrupuna aid əhaliyə sağlam həyat tərzini təşviq etməklə, diabetli xəstələrin bu xəstəliklə bağlı biliklərinin artırılması, bu bilik və davranışlara nail olmaqla, özünənəzarətin gücləndirilməsi məqsədilə təlimlər keçəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB