\"Bu günədək ali məktəblərin boş qalan plan yerlərinə və orta ixtisas müəssisələrinə 10544 abituriyent sənəd verib\"-AÇIQLAMA

\"Bu günədək ali məktəblərin boş qalan plan yerlərinə və orta ixtisas müəssisələrinə 10544 abituriyent sənəd verib\"-AÇIQLAMA

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və orta ixtisas (tam orta təhsil) müəssisələrinə ixtisas seçimi davam edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, bu gün saat 11:00-dək 10544 abituriyent sənəd verib. Onun sözlərinə görə, ixtisas seçimi edən abituriyentlərin 9757-si Azərbaycan, 787-si isə rus bölməsinin məzunlarıdır. E.Nağızadə bildirib ki, 10544 abituriyentin 2907-si I, 2836-sı II, 3580-ı III, 1221-i isə IV ixtisas qrupun ixtisaslarını seçiblər.

"İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələ­rinin təhsili dövlət sifarişi əsasında və ödənişli əsaslarla olan 15-dək ixtisas kodu­nu seçir və "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edir. Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK-nın yeni ödəmə kartını alır və onun şifrindən istifadə edir. Elektron ərizəsini təsdiqləməyən abituriyent­lər müsabiqəyə buraxılmayacaqlar. 2011-2012-ci tədris ili üçün ali məktəblərdə 2087 vakant yer qalıb və bunların da 776-sı I, 660-ı II, 556-sı III, 92-si isə IV qrup üzrədir".

Qeyd edək ki, ali məktəblərin boş qalan plan yerlərinə əlavə yerləşdirmənin və orta ixtisas (tam orta təhsil) müəssisələrinə qəbulun nəticələri avqustun 10-da və ya 11-də açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə