Nizami Mehdizadə: \"Ölkəmizdə renoplastika ilə bağlı nəinki həkimlərin, hətta xəstələrin özlərinin tibbi savadları, maariflənməsi çox aşağı səviyyədədir\"-MÜSAHİBƏ
- Son dövrlərdə qulaq, burun və boğaz xəstəliklərində daha çox artım, yoxsa azalma müşahidə edilir. İnsanlar daha çox hansı xəstəliklərlə bağlı müraciətlər edirlər?
- Qulaq, burun və boğaz xəstəlikləri ilə bağlı keçmişlə bugünü müqayisə etsək, ayrı-ayrı sahələrdə müəyyən dəyişikliklərin olduğunun şahidi olarıq. Bu baxımdan qulaq xəstəlikləri və onlardan sonra baş verən ağırlaşmalar nisbətən azalıb. Buna da artıq bugünə icad olunan üçüncü, dördüncü nəsl antibiotiklərin əmələ gəlməsi nəticəsində nail olunub. Onlar hər bir yerdə istifadə olunduğu üçün bu fəsadlara rast gəlmək bir az çətinləşir. Bəzi yerlərdə, kəndlərdə bu sahə üzrə ixtisaslaşmış yaxşı həkimlər mövcuddur ki, onlar da fəsadların qarşısını erkən almaq üçün ilkin tibbi yardım göstərirlər. Bu gün informasiya əlaqələrinin artması insanların informasiya mübadiləsinin genişlənməsi, xüsusilə tibb sahəsində yeniliklərin tətbiqi nəticəsində bu gün insanların ən çox rast gəlinən və müraciət edilən xəstəliklərindən biri renoplastika, yəni burunun xarici formasının dəyişdirilməsi ilə bağlıdır. Belə xəstəliklərin sayı çoxalıb. Hətta insanların tələbatını ödəmək məqsədilə televiziyalarda, mətbuatda müxtəlif reklam xarakterli yazılar dərc olunur, verilişlər hazırlanır, xarici mütəxəssislər buraya dəvət edilir. Bunun da səbəbi qonşu ölkələrdə, Türkiyədə, Avropa aparılan əməliyyatlar Azərbaycana gəlib-çıxması və bu sahəyə tələbatın çoxalmasıdır. Ona görə də müraciət edən xəstələrin böyük əksəriyyəti, 100-lərlə, 1000-lərlə belə əməliyyat olunub. Cərrahi əməliyyatdan razı olan və olmayan insanlar da olub.
Ancaq təəssüflər olsun ki, ölkəmizdə renoplastika ilə bağlı nəinki həkimlərin, hətta müraciət edən xəstələrin özlərinin bu xəstəliyinin özü, gedişi, nəticəsi və onun nə ilə qurtarması haqqında tibbi savadları, maariflənməsi çox aşağı səviyyədədir. Ona görə də xəstələr bir nəfərin xarici görüşünün əməliyyatı aparılan xəstənin şəklini göstərməklə \"məndə niyə belə alınmadı?\" kimi suallar verirlər. Hətta bu münasibətlər özəl xəstəxanalarda məhkəməyə qədər gedib çıxır. Burada da əsas məsələ həmin xəstələrin tibbi savadının, maariflənməsinin aşağı olmasıdır. Bütün dünyada qəbul olunan qayda var ki, renoplastika, yəni burunun estetik əməliyyatı, xarici formasının dəyişdirilməsi əməliyyatı aparılan xəstələrin əgər 100%-dən 60-70%-də yaxşı nəticə alınırsa, onu əməliyyat edən həkim əla cərrah sayılır. Çünki bəzi hallarda aparılan əməliyyatlar nəticəsində ürəyi istəyən alınmayan, hətta xəstənin kompleksini aradan götürən bir formanın alınmaması bəzi hallarda həkimin özündən də asılı olmur. Ona görə də bu yöndə 15-20-30 faizə qədər müəyyən nəticələr əldə edilir və bu da münaqişələrə səbəb olur.
-Daha çox hansı xəstələr sizə müraciət edir və bu əməliyyatları hansı formada etmək olar?
- Müraciət edən xəstələrin 40%-də doğrudan bu və ya səbəbdən burun nahiyyəsində zədələr, travmalar nəticəsində burunun həm fizioloji funksiyası pozulub, həm də xarici forması dəyişdirilib. Ona görə də bu xəstələr ilk öncə burunun tənəffüsü və iybilmə qabiliyyətindən şikayətlənirlərsə, eyni zamanda, əməliyyata gedən zaman onun əvvəlki formaya qaytarılmasını xahiş edirlər. Bu xəstələr bizlərin hər bir tərəfindən qəbul olunur və məqbuldur. Çünki burun gözəl olsa da ən vacib şərt onun fizioloji funksiyasının yerinə yetirilməsidir.
30 faiz xəstələr \"qonşum edib, qohumum edib, ölkəmizdə moddadır və indi bu məndə kompleks yaradır\" kimi suallarla, \"mən kimdən geri qalmalıyam\" adı ilə müraciət edir, əməliyyat olunurlar. Bu xəstələrdə aparılam əməliyyat həkimin özündən asılıdır. Digər 25 faiz xəstələr həkimlər üçün təhlükəli xəstələrdir. Onlar səhər aynaya baxanda kompleks yaradan burunun xarici forması onlarda nevroz yaradan xəstələrdir. Bunlar da o həkim üçün təhlükəlidir ki, çünki həkim hansı formada burunda dəyişikliklərin aparılmasına baxmayaraq xəstələr hər zaman bundan narazıdırlar. Ən çox münaqişə kimi münasibətlər bu xəstələrdə əmələ gəlir. Uzun illərin praktikasına əsasən belə xəstələrə müraciət edərkən onların cərrahiyyə əməliyyatından imtina edirik. Çünki onların əsəb sistemi ilə bağlı tibbi müayinəyə ehtiyac var. Digər 5 faiz xəstələr cəmiyyətdə tamamilə seçilmək, çox vaxt yüngül həyat tərzi keçirmək istəyən xəstələrdir. Bu xəstələr təkcə burunların deyil, dodaqlarına gel vurdurur, burunlarının formasını tamamilə dəyişib eybəcər formaya salır və sairə. Bizdə çalışırıq ki, bu xəstələrlə çox kontaktda olmayaq.
- Son zamanlar o qədər eyni formalı burunlar, üzlər əməliyyat edilir ki, cəmiyyətdə qadınların eyniüzlü olması, bir-birinə bənzəməsi kimi fikir formalaşıb. Sizin bu fikirlərə münasibətiniz necədir?
- Bizə müraciət edənlərin burununa baxdıqda artıq onun hansı həkim tərəfindən əməliyyat olunduğunu bilirik. Plastik cərrahiyyədə xəstə ürəyi istədiyindən asılı olmayaraq onun sifət quruluşuna uyğun burun yaradılmalıdır. Ancaq təəssüflər olsun ki, plastik cərrahiyyə edən həkimlər qulaq, burun, boğaz həkimləri deyil. Onlar yalnız platik cərrahiyyə burunun bir formasından tutub digərlərini ona uyğun etməklə məşğuldurlar. İndi bəzən qulaq, burun, boğaz həkimi olmayanlar tərəfindən əməliyat olunduqda xəstələrin burunları fizioloji funksiyasını itirir. Belə xəstələrə sifət cizgilərinin parametrlərinə uyğun cərrahiyyə əməliyyatları aparılmalıdır. Burunun cərrahiyyə əməliyyatının kimin tərəfindən keçirilməsindən asılı olmayaraq burada ən vacib şərt onun tənəffüs sistemini, iybilmə qabiliyyətini və fizioloji funksiyasını saxlamaqdır.
- Cəmiyyətin, insanların tibbi cəhətdən maarifləndirilməsi üçün hansı işlər aparılmalıdır. Sizin onlara tövsiyə və məsləhətləriniz...
- Bu gün maariflənmənin aparılması üçün bizim sahələr üzrə plastik cərrahiyyə aparan həkimlərin hamısı müəyyən bir telekanal və radio tərəfindən çağırılmalı, xaricdən gələn həkimlərin iştirakı ilə də müəyyən bir debatlar təşkil olunmalıdır. Tələb olunan bir klinikanın radioda hər gün reklamı gedir. Orada deyilir ki, lazer vasitəsilə burun çəpərinin əyriliyi və digər əməliyyatlar edilir. Ondan soruşan lazımdır ki, lazer vasitəsilə burun çəpərini əyriliyini necə düzəldə bilərsən. Əgər lazer ancaq yumşaq toxumaya təsir edirsə, burun çəpərin də qığırdaq hissəni necə əməliyyat edə bilər?. Bu mümkün olmayan bir şeydir. Belə şeylər insanları çaşdıran reklamlardır və onların qarşısı alınmalıdır. Primitiv deyimləri insanlar anlamalıdır. Ən azından 21-ci əsrdə internet vasitəsilə burunun əməliyyatı üçün hansısa bir Avropa ölkəsinə göndəriş verin və cavabını alın. Nəticədə görəcəksiniz ki, burun çəpərini lazerlə əməliyyat etmək mümkün deyil. Ona görə də insanlara müraciət edirəm ki, bugünki lazerin funksiyası kəsiyi yumşaq toxumada aparmaqdır. İnsanların bu və ya digər məsələlərlə bağlı məlumatlandırılmalı və maarifləndirilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB