Bu il qəbul planı dolan və dolmayan ali məktəblər hansılardır?-SİYAHI

Bu il qəbul planı dolan və dolmayan ali məktəblər hansılardır?-SİYAHI

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cari il ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən qəbul planı dolan və dolmayan ali məktəblərin adlarını açıqlayıb. O bildirib ki, Bakı Dövlət Universiteti 98,72%, Memarlıq və İnşaat Universiteti 85,85%, Azərbaycan Dövlət Pedaqoji Universiteti 98,32%, Azərbaycan Dillər Universiteti 96,28%, Bakı Slavyan Universiteti 95,65%, Azərbaycan Müəllimlər Universiteti 98,05%, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında 98,5% yerlər dolub.

Onun sözlərinə görə, 100% dolan dövlət ali məktəbləri sırasında Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Diplomatiya Akademiyası, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, özəl ali məktəblər sırasında isə Bakı Qızlar Universiteti və Bakı Biznes Universiteti var.

"Bu il ilk dəfə olaraq Lənkəran şəhərində qəbul imtahanı keçirilib. Son nəticədə Lənkəran Dövlət Universitetinin 100% dolması bizim düzgün yolda olmağımızı göstərir. Cari il Gəncə şəhərində keçirilən imtahanlardan da uğurlu nəticələr əldə olunub. Belə ki, qəbul nəticələrinə əsasən, Gəncə Dövlət Universiteti 100%, Azərbaycan Dövlət Aqrar Universiteti 87,8%, Texnologiya Univeristeti isə 76% dolub", - deyə o əlavə edib.

M.Abbaszadə qeyd edib ki, özəl ali məktəblər arasında ən yaxşı nəticə göstərənlər plan yerləri 96% dolan Qafqaz Universiteti və plan yerləri 94% dolan Xəzər Universitetidir: "Özəl universitetlərin isə göstəriciləri belədir: Təfəkkür Universiteti 65%, Avrasiya Universiteti 57%, Asiya və Odlar Yurdu isə 46% dolub. Beləliklə də özəl ali məktəblər arasında ən aşağı nəticəni Asiya və Odlar Yurdu universitetləri göstərib və onların hər ikisinin plan yerləri 46 faiz dolub".

Bütün xəbərlər Facebook səhifəmizdə