Bu gündən orta ixtisas təhsil müəssisələrinə 11 illik tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə başlanır

Bu gündən orta ixtisas təhsil müəssisələrinə 11 illik tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə başlanır

Bu gündən 2011-2012-ci tədris ili üçün orta ixtisas təhsil müəssisələrinə tam orta təhsil bazasında (11 illik) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə başlayır. SİA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, ixtisas seçimi avqustun 9-dək internet vasitəsilə aparılır. Onun sözlərinə görə, abituriyent elektron ərizədə orta ixtisas məktəblərinin ixtisasları ilə yanaşı, ali təhsil müəssisələrinin boş qalan yerləri üzrə olan ixtisasların kodlarını da göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisasların 3 qrupa bölündüyünü deyən TQDK sədri vurğulayub ki, I qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinin I, II, II və ya IV qrupları, II qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinin I və IV qrupları, III qrup ixtisaslarında isə yalnız III qrupu üzrə ümumi balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

"III ixtisas qrupu üzrə test imtahanı verən abituriyentlər orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının müsabiqəsində ən çox bal topladıqları alt qrupun balı ilə iştirak edirlər. Orta ixtisas məktəblərinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını seçmək üçün abituriyentlərin nəticələri təqdim edilən müsabiqə şərtlərinə uyğun olmalıdır. Bu şərti ödəyən abituriyentə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, müvafiq qrup daxilində digər ixtisasları da seçmək imkanı verilir. İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələ­rinin təhsili dövlət sifarişi əsasında və ödənişli əsaslarla olan 15-dək ixtisas kodu­nu seçir və "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edir. Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK-nın yeni ödəmə kartını alır və onun şifrindən istifadə edir. Elektron ərizəsini təsdiqləməyən abituriyent­lər müsabiqəyə buraxılmayacaqlar", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə