Azərbaycan dilini öyrənmək üçün ADU-nun \"Yay məktəbi\"nə gələn tələbələrin bağlanış mərasimi keçirilib-FOTO

Azərbaycan dilini öyrənmək üçün ADU-nun \"Yay məktəbi\"nə gələn tələbələrin bağlanış mərasimi keçirilib-FOTO

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDS) Proqramı ilə Azərbaycan dilini öyrənmək üçün ADU-nun \"Yay məktəbi\"nin bağlanış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən ADU-nun prorektoru, dosent Jalə Qəribova bildirib ki, iyunun 13-dən avqustun 4-dək 11 nəfərdən ibarət bir qrup tələbə ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDS) Proqramı ilə Azərbaycan dilini öyrənmək üçün universitetdə olublar. O vurğulayıb ki, bu il Önəmli Dil Tələbələri sırasına Azərbaycan dilini başlanğıc, orta və inkişaf etmiş səviyyələrində bilən tələbələr daxil olub. Onun sözlərinə görə, proqram həftədə ən azı 20 saat olmaqla qruplarda keçirilən intensiv dil təlimi və təşkil olunan mədəni maarifləndirici təcrübə təqdim edib.


"İki dövlətin tələbələri arasındakı beynəlxalq əlaqələr çox mühüm rolu var. 2 ay bu tələbələrlə birlikdə olmuşuq. Yay məktəbi gözəl nəticələrlə başa vurulub. Bu müddət ərzində tələbələri öyrədərək özümüz də onlardan nələrisə öyrənirdik. ADU-da olduqları müddətdə amerikalı tələbələr Azərbaycanın bir sıra tarixi, mədəni abidələri ilə tanış olub, mətbəxini yaxından öyrəniblər, hətta onlar birlikdə qutab və şəkərbura bişiriblər", - deyə o əlavə edib


Daha sonra çıxış edən ABŞ-ın Azərbaycandakı Səfirliyinin mətbuat katibi Kis Bin bildirib ki, 2006-cı ildə ABŞ Dövlət Departamenti amerikalı tələbələrin xarici ölkələrdə önəmli dilləri öyrənmək imkanlarını artırmaq məqsədilə İntensiv Yay İnstitutları üçün Önəmli Dil Təqaüdləri Proqramını başlayıb. Onun sözlərinə görə, proqram ABŞ dövlətinin Azərbaycan dili kimi önəmli dilləri öyrənən və inkişaf etdirən amerikalıların sayını artırmaq təşəbbüsünün bir hissəsidir. O qeyd edib ki, bu əməkdaşlıq effektivdir və gələcəkdə mühüm nəticələrə gətirib çıxaracağına inanırıq: "Bu proqram vasitəsilə tələbələrin 2 tərəfli olmasını arzulayırıq. Biz istərdik ki, təkcə Amerikadan Azərbaycana tələbələr gələrək nəsə öyrənməsinlər, eyni zamanda azərbaycanlı tələbələri də Amerikaya göndərə bilək".


Səfirliyin əməkdaşı Kristofer Cons qeyd edib ki, Azərbaycanla əməkdaşlıq ABŞ üçün böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu proqram uzunmüddətli məqsədlərin əsasını qoyan proqramdır.


Daha sonra amerikanlı tələbələrin müəllimləri öz fikirlərini bölüşüb və bunun təşkili üçün hər kəsə öz təşəkkürlərini bildiriblər. Tələbələr balabanda və tarda musiqi ifa ediblər. Tələbələrdən biri isə Azərbaycana məhz tar musiqi alətində çalmağı öyrənmək üçün gəldiyini qeyd edib və konservatoriyada 8 həftə ərzində tar dərsləri keçdiyini vurğulayıb. O, tarda \"Mahur muğamı\"nı ifa edərək bütün qonaqları heyran qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə