ADU-nun yay məktəbinə gələn tələbələrlə bağlanış mərasimi keçiriləcək
Avqustun 4-də Azərbaycan Dillər Universitetində (ADU) ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDS) Proqramı ilə Azərbaycan dilini öyrənmək üçün ADU-nun yay məktəbinə gələn tələbələrlə bağlanış mərasimi keçiriləcəkdir.
Universitetin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ADU-da olduqları müddətdə amerikalı tələbələr Yanardağ və Atəşgaha, Tarix muzeyinə, müxtəlif dini yerlərə, o cümlədən kilsələrə, məscidlərə və sinaqoqlara, eləcə də Qala Etnoqrafik muzeyi və Botanika bağına getdilər. Bununla yanaşı Azərbaycanın qədim və tarixi yerlərindən biri hesab olunan Şəki şəhərində də oldular. Onlar Şəkidə olduqları zaman Şəki xan sarayı, Cümə məscidi, Yeni Şəki qalası, Gələrsən-görərsən qalası, Kiş katedral alban məbədini ziyarət etdilər. Amerikalı tələbələr Şəkidən başqa digər qədim və gözəl şəhərlərimizdən biri Gəncə şəhərinə də getdilər. Burada isə Xan bağı, Gəncə hamamı, Cavadxan movzeleyində oldular. Xanlar rayonunda isə Etnoqrafik və tarix muzeyinə səyahət etdilər.
8 həftə ərzində amerikanlı tələbələr Azərbaycan dilini öyrəndilər, Azərbaycanın mədəniyyəti, tarixi, etnoqrafiyası haqqında biliklərə yiyələndilər. Bununla yanaşı onlar Azərbaycan ailələrində yaşaraq ailə mədəniyyətini öyrəndilər. Amerikanlı tələbələrin bəziləri tar dərslərində də iştirak etdilər.
Xatırladaq ki, İyunun 13-də 11 nəfərdən ibarət bir qrup tələbə ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDS) Proqramı ilə Azərbaycan dilini öyrənmək üçün Azərbaycan Dillər Universitetinə gəldi.
Qeyd edək ki, bu ilin Önəmli Dil Tələbələri sırasına Azərbaycan dilini başlanğıc, orta və inkişaf etmiş səviyyələrində bilən tələbələr daxildir. Proqrama ev sahibliyini Azərbaycan Dillər Universiteti etdi. Proqram həftədə azı 20 saat olmaqla qruplarda keçirilən intensiv dil təlimi və təşkil olunmuş mədəni maarifləndirici təcrübə təqdim etdi.
Bu ilki Önəmli Dil Tələbələri Azərbaycan dili də daxil olmaqla 14 prioritet dili öyrənən 575 ABŞ bakalavr və magistr tələbələrinin arasındadırlar. Onlar meyarlı seçim prosesində 5200 ərizəçi arasından seçiliblər.
2006-cı ildə ABŞ Dövlət Departamenti amerikalı tələbələrin xarici ölkələrdə önəmli dilləri öyrənmək imkanlarını artırmaq məqsədilə İntensiv Yay İnstitutları üçün Önəmli Dil Təqaüdləri Proqramını başlatdı. Proqram ABŞ dövlətinin Azərbaycan dili kimi önəmli dilləri öyrənən və inkişaf etdirən amerikalıların sayını artırmaq təşəbbüsünün bir hissəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB