Avqustun 1-dən etibarən Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusu üzrə sahə işlərinə başlanılıb. Bu barədə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə Kommunikasiyası və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Səadət Hənifəyeva məlumat verib. O bildirib ki, səyyar sorğu işlərinin oktyabra kimi aparılması nəzərdə tutulur. Onun sözlərinə görə, sorğunun nəticələri səhiyyədə, təhsildə və demoqrafik siyasətdə rast gəlinən problemlərin həlli üçün əhəmiyyətlidir.
Tədqiqat çərçivəsində seçilmiş ev təsərrüfatlarının xarakteristikası, sosial-iqtisadi göstəricilər, antropometrik göstəricilər, təhsil səviyyəsi və s. ilə bağlı məlumatlar toplanılacaq. Eyni zamanda körpə və 5 yaşadək uşaq ölümü, uşaqların sağlamlığı, ana sağlamlığı, gender münasibətləri və qadınların ailədə səlahiyyətləri mövzuları araşdırılacaq. Fertillik, arzu olunan uşaqların sayı, ailə vəziyyəti, ailə planlaşdırılması, qidalanma, yetkinlik yaşına çatanların sağlamlığı, QİÇS, cinsi yolla keçən xəstəliklərlə (bilik, münasibət və davranış) bağlı suallar da veriləcək.
Demoqrafiya və Sağlamlıq Sorğusu Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran, Lənkəran, Yuxarı Qarabağ və Dağlıq Şirvan iqtisadi regionlarını əhatə edir. Seçmə 2009-cu ildə Azərbaycan Respublikasında aparılmış əhalinin siyahıyaalınması əsasında Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilib. Sorğu üçün 9 iqtisadi rayon üzrə 321 klaster, onların hər birində isə təsadüfi üsulla 24 ev təsərrüfatı seçilib. Sorğu alətlərinə Ev təsərrüfatının Sorğu Vərəqəsi və 15-49 yaşlı Qadınların Sorğu Vərəqəsi daxildir.
Azərbaycanda ilk belə sorğu 2006-cı ildə Dövlət Statistika Komitəsi tərəfindən "Macro International İnc." tədqiqatların aparılması üzrə beynəlxalq təşkilatla birgə keçirilib. 2011-ci ildə Azərbaycanda keçirilən DSS 2006-cı ildə istifadə olunmuş metodologiyaya əsaslanır. Bu da keçmiş rəqəmlərlə müqayisənin aparılmasına zəmin yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB