Səhiyyə nazirinin müavini bir neçə postsovet ölkəsində tibb təhsili alan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib

Səhiyyə nazirinin müavini bir neçə postsovet ölkəsində tibb təhsili alan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib

Səhiyyə nazirinin müavini bir neçə postsovet ölkəsində tibb təhsili alan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib. SİA-nın xəbərinə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev bu gün keçirdiyi brifinqdə bildirib ki, bəzi postsovet ölkəsində tibb təhsili sistemində internatura sistemi hələ də qalır. Onun sözlərinə görə, bu da Azərbaycanın hazırkı tibbi tədris proqramına uyğun gəlmir : "Ona görə də Səhiyyə Nazirliyi belə diplom alan vətəndaşlara xəbərdarlıqla müraciət edərək bildirir ki, onların yiyələndiyi ixtisaslar nazirliyin İşə Buraxılma Komissiyası tərəfindən qəbul edilməyə bilər. Yeni qəbul olunan "Təhsil haqqında" Qanunda tibbi təhsil iki mərhələyə - baza tibb təhsili və həkim mütəxəssislərin hazırlığını nəzərdə tutan rezidentura mərhələsinə bölünüb. Yeni-mərhələli tibb təhsili sisteminə keçilmə bır sıra problemlər yaradır".

E.Ağayev qeyd edib ki, artıq digər ölkələrdə tibb təhsili alıb və mütəxəssis kimi yetişən həkimlər nazirliyin İşə Buraxılma Komissiyasında bir daha sınaqdan keçməlidirlər. Bir çox hallarda dünyanın tanınmış universitetlərini bitirən həkimlərin ixtisas şəhadətnamələri heç onlar özləri sorğuya dəvət olunmadan qəbul edilə bildiyini deyən nazir müavinin sözlərinə görə, ancaq bəzi postsovet ölkələrində hələ də internatura sistemi qalır və bu da bizim bugünkü tədris proqramımıza uyğun gəlmir.

"Ona görə də bu cür diplom almış vətəndaşlara bir daha xəbərdarlıq etmək istəyirik ki, onların dar çərçivədə yiyələndiyi ixtisaslar bu komissiyadan keçməyə bilər. Çünki onların tədris proqramı Azərbaycanın tədris proqramına uyğun gəlməyəcək. Onlar yenidən rezidenturaya imtahan verib bu ixtisasları almaq məcburiyyətində qalacaqlar. Əsas problem Ukrayna, Rusiyada alınan diplomlarla bağlı olur. Xarici ölkələrin ali məktəblərində tibb təhsili alan Azərbaycan vətəndaşlarının diplomlarının tanınması nazirliyin səlahiyyətində deyil və bu diplomlar Təhsil Nazirliyi tərəfindən tanınır. Sadəcə olaraq, Təhsil Nazirliyi tərəfindən diplomu təsdiq olunan şəxslərin, həkimlərin işə buraxılmasını Səhiyyə Nazirliyi həyata keçirir. Bununla bağlı olaraq, SN-də İşə Buraxılma Komissiyası fəaliyyət göstərir. "Təhsil haqqında" qanundan sonrakı müddətdə ordenaturadan keçənlərin vəsiqələri isə yəqin ki, tanınmayacaq. Onlar yenə də hansısa ixtisasa yiyələnmək istəyirlərsə, rezidenturaya imtahan verməyə məcburdurlar", - deyə o əlavə edib.

Rezidenturaya qəbula münasibət bildirən nazir müavini vurğulayıb ki, bu ilin sentyabrında dövlət sifarişi ilə Azərbaycan Tibb Universitetini bitirən və digər mütəxəssislər üçün 300 plan yeri üzrə rezidenturaya qəbul imtahanları keçiriləcək.

İmtahanlar 40 ixtisas üzrə təşkil olunacağını deyən nazir müavini qeyd edib ki, Azərbaycan Tibb Universitetini bitirənlərin hamısının həkim-mütəxəssis kimi hazırlanmasına ehtiyac yoxdur. Onun sözlərinə görə, onların böyük əksəriyyəti ailə həkimi, sahə terapevti və SN-in müəyyən etdiyi digər sahələrdə fəaliyyət göstərə bilərlər.

.

Bütün xəbərlər Facebook səhifəmizdə