Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə əlaqədar 37 nəfər müraciət edib - AÇIQLAMA

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə əlaqədar 37 nəfər müraciət edib - AÇIQLAMA

Son 4 gün müddətində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə əlaqədar olaraq 37 müraciət daxil olub. Bu barədə SİA-ya Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov məlumat verib. O bildirib ki, müraciət edənlərdən 17 nəfəri xəstəxanaya çatdırılıb, qalanları isə ilkin yardım göstərildikdən sonra evə buraxılıb. M.Həmidov vurğulayıb ki, yay mövsumi başlayandan bu günə kimi isə günvurma ilə bağlı müraciət edənlərin sayı 107 nəfərə çatıb. Onun sözlərinə görə, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası olaraq bizə müraciət edən 107 nəfərdən 39-u xəstəxanaya çatdırılıb, qalanları yüngül formada olduğuna görə, tibbi yardım göstərilib və evə buraxılıb. Baş həkim qeyd edib ki, stansiyada günvurma faktı ilə əlaqədar ölüm halına rast gəlinməyib.

M.Həmidov günvurmaya məruz qalan insanlara ilk tibbi yardımın göstərilməsi ilə bağlı da tövsiyələrini açıqlayıb: "Günvuran insanı dərhal kölgəyə çəkmək, havanın sərbəst daxil olması üçün paltarının yaxasını açmaq, ona sərinləşdirici maye içirtmək, bədənin açıq hissələrinə soyuq suda isladılmış tənzif qoymaq lazımdır. Eyni zamanda, təcili tibbi yardıma müraciət etmək də lazımdır. Belə günlərdə hər kəs çoxlu maye içməlidir. Yay vaxtı bədənin daha çox maye itirməsi qanın qatılaşmasına və qan dövranında müəyyən durğunluğun yaranmasına səbəb olur. Buna görə də insanlar daim sərinləşdirici maye qəbul etməlidirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə