Bu gündən orta məktəblərdə işləmək istəyən ingilis dili müəllimlərinin imtahanı başlayıb

Bu gündən orta məktəblərdə işləmək istəyən ingilis dili müəllimlərinin imtahanı başlayıb

Bu gün 2011-2012-ci dərs ilində Azərbaycanda orta məktəblərdə işləmək istəyən ingilis dili müəllimləri imtahan verirlər. Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirovun SİA-ya verdiyi xəbərə görə, ingilis dili müəllimi işləmək üçün 241 vakant yerə 1610 müəllim elektron ərizə verib. F.Qədirovun sözlərinə görə, 241 vakant yerin 68-i Bakı şəhərinin, 137-si isə respublikanın digər rayonların payına düşür: "Bu gündən avqustun 5-dək ingilis dili müəllimləri imtahan verəcək. Müəllimlərin işə qəbulu üçün imtahanlar tam olaraq avqustun 30-da başa çatacaq. İyulun 26-dan 30-dək ibtidai sinif müəllimliyi üzrə qəbul imtahanları təşkil olunub. İmtahanlar haqqında məlumatlar elektron ərizə verən hər bir müəllimin şəxsi kabinetinə göndərilib. İmtahanda hər bir namizəd kompyuter qarşısında əyləşərək 1 saat ərzində ona verilən sualları cavablandıracaq. İmtahanda namizədə 35 sual təqdim ediləcək. İmtahan bitən kimi namizəd öz cavabını öyrənəcək. Namizədin topladığı bal kompyuterdə göstəriləcək".

Şöbə müdiri qeyd edib ki, avqustun 8-dən 11-dək Azərbaycan dili və ədəbiyyat, avqustun 12-də kimya, avqustun 15-16-da tarix, avqustun 17-18-də biologiya, avqustun 22-dən 24-dək riyaziyyat, avqustun 25-də informatika, avqustun 26-da coğrafiya, avqustun 29-da gənclərin çağırışaqədərki hazırlığı, əmək hazırlığı, musiqi və nəğmə, təsviri incəsənət, avqustun 30-da isə fiziki tərbiyə müəllimliyi ixtisasları üzrə imtahanlar keçiriləcək.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 2177 vakant yerə 9342 nəfər ərizə təqdim edib. 2177 vakant yerin 374-ü Bakı, 1803-ü isə digər şəhər və rayonların payına düşür. Elektron ərizə verən 9342 müəllimin 1834-ü ibtidai sinif, 1389-u Azərbaycan dili və ədəbiyyat, 1018-i riyaziyyat, 440-ı informatika, 506-sı fizika, 338-i kimya, 436-sı biologiya, 761-i tarix, 408-i coğrafiya, 1610-u ingilis dili, 307-si fiziki tərbiyə, 68-i gənclərin çağırışaqədərki hazırlığı, 137-si əmək hazırlığı, 47-si musiqi və nəğmə, 43-ü təsviri incəsənət və rəsmxət ixtisasları üzrədir.

Bütün xəbərlər Facebook səhifəmizdə