ADA-da Asiya və Afrika diplomatları üçün kurslar başa çatıb - FOTOSESSİYA
Azərbaycan Diplomatik Akademiyasının (ADA) Asiya və Afrika diplomatları üçün kursları başa çatıb. ADA-dan SİA-ya verilən məlumata görə, ilk dəfə olaraq, Afrika və Asiyadan gəlmiş diplomatlar Azərbaycan Diplomatik Akademiyasının (ADA) \"Xəzər Hövzəsi Ölkələrinin Öyrənilməsi\" proqramı üzrə 10 günlük kursda iştirak ediblər.
Dərslərin bitməsi münasibətilə kurs dinləyicilərini təbrik edən xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev bildirib ki, proqram Afrika və Asiyadan gələn iştirakçılar üçün Azərbaycanın siyasi, iqtisadi nailiyyətləri, eyni zamanda mədəniyyəti, tarixi haqqında məlumat almaq üçün yaxşı imkanlar yaradıb.
Tələbələr adından çıxış edən nepallı diplomat Sharma Pokharel Azərbaycanın onların yaddaşında xüsusi iz buraxdığını, burada aldıqları biliklərin və insan səmimiyyətini yüksək qiymətləndirdiklərini qeyd edib.
Sonda proqram iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, kursa Haiti, Mali, Samoa, Banqladeş, Kamboca, Nepal, Myanma, Malayziyadan əsasən birinci və ikinci katib vəzifəsini daşıyan 14 diplomat qatılıb.
Azərbaycanda olduqları müddətdə xarici diplomatlar Xəzər dənizi regionunun tarixi və mədəni irsi, onun statusu və geosiyasəti, neft sənayesi, iqtisadiyyatı və investisiya imkanları, regionun gələcəyinə təhlükə yarada biləcək potensial təhdidlər, regional münaqişələrə dair məruzələri dinləyiblər. Diplomatlar üçün ADA, XİN, ARDNŞ, Mərkəzi Bank və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun nümayəndələri dərslər deyiblər.
Azərbaycanın mədəniyyəti və tarixi haqqında ətraflı məlumat almaq üçün xarici diplomatlar Qubaya, Qobustana səfər ediblər, Bibiheybət məscidi, Səngəçal terminalı və digər mədəniyyət ocaqları və muzeylərini ziyarət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB