Qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərdən 22529 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib
2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir. SİA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib ki, ixtisas seçimi iyulun 22-dən avqustun 2-dək internet vasitəsilə aparılır və abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edirlər. Onun sözlərinə görə, bu gün saat 10:00-dək həmin abituriyentlərdən 22529 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib: "Ərizəsini təsdiq edən abituriyentlərdən 19646-sı Azərbaycan, 2883-ü isə rus bölməsinin məzunlarıdır. 22529 abituriyentin 7 292-si I, 5373-ü II, 7293-ü III, 2 5741-I isə IV ixtisas qrupunu seçib".
TQDK sədri əlavə edib ki, bu günlər ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir. Onun sözlərinə görə, bu günə kimi 19544 orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün ərizəsini təsdiq etdirib.
"Cari ildə (9 illik) təhsil bazasından 46 orta ixtisas təhsili müəssisəsində ayrılan plan yerlərinin sayı 9642-dir. Azərbaycan bölməsi üzrə 8449, rus bölməsi üzrə 312, birgə müsabiqə üzrə 881 plan yeri ayrılıb. İyulun 5-dən etibarən aparılan ixtisas seçimi avqustun 10-da ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır. Qəbul haqqında elan, qəbul qaydaları, qəbul aparılan ixtisasların siyahısı, müsabiqə şərtləri və digər məlumatlar "Abituriyent" jurnalının 4-cü sayında dərc olunub. Qəbul imtahanının 2011-ci il avqustun 28-də keçirilməsi nəzərdə tutulub. Hər bir abituriyent eyni zamanda müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli olan 12-dək ixtisas kodunu seçə bilər. Abituriyentlər internetlə elektron ərizə formasını doldurduqdan sonra tələb olunan sənədlərini müvafiq SQK-ya təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər", - deyə o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB