TQDK sədri Odlar Yurdu Universiteti rektorunun mətbuatda səsləndirdiyi bəzi ziddiyyətli fikirlərə aydınlıq gətirib
Bu il Azərbaycanda rezidenturaya sənəd qəbulunun avqustun 10-dan sonra elan edilməsi nəzərdə tutulur. SİA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verib. o bildirib ki, rezidenturaya qəbul imtahanları bu il ilk dəfə olaraq keçirildiyi üçün sentyabrda təşkil ediləcək: "TQDK bu il rezidenturaya qəbul ləngidiyi üçün oğlan məzunların həqiqi hərbi xidmətdən bir çağırış müddəti azad olunması üçün Müdafiə Nazirliyinə müraciət etdik. Rezidenturaya daxil ola bilməyəcək məzunlar artıq oktyabrda hərbi xidmətə gedəcəklər. Amma gələn il bu prosesin daha tez aparılması planlaşdırılır. Gələn il iyulun 1-dək rezidenturaya qəbul imtahanları keçiriləcək. Rezidenturaya daxil olmayan məzunlar isə həqiqi hərbi xidmətə çağırılacaqlar".
Daha sonra TQDK sədri Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin bəzi mətbuatda səsləndirdiyi bəzi ziddiyyətli fikirlərə aydınlıq gətirib. O bildirib ki, Əhməd Vəliyev bu universitetin oğlan məzunlarının rezidenturaya sənəd verə bilməsi üçün xahiş etməsilə bağlı müraciət edib: "Mən onlarla əlaqədar heç kimə xahiş etməmişəm. Bununla heç kimin hüququnu pozmuram. Heç bir qanunda yazılmayıb ki, mən bununla bağlı xahiş etməliyəm yoxsa, yox.Həmin məzunların arasında TQDK-nın qəbul imtahanlarında iştirak etməyən şəxslər var. Əhməd Vəliyev yazır ki, onlar haradansa köçürülübdür. Məsələ burasındadır ki, həmin şəxslər köçürülməzdən əvvəl TQDK-nın 2005-ci ildə keçirdiyi qəbul imtahanında iştirak edib, aşağı bal toplayıblar. Mən bilmirəm, onlar Moskva Sosial Universitetinə, Moskva Açıq Universitetinə və müxtəlif universitetlərə necə qəbul olunublar? Ancaq biz onları qəbul etməmişik, onlarla əlaqədar belə müraciət mümkün deyil. Biz tələbə-məzun bazasının yoxlanılması zamanı da bunları müəyyən etmişdik. Əgər onların əlində dövlətin təsdiq etdiyi diplom olsa, biz onları qəbul edəcəyik. Amma onları hərbi çağırışdan azad etmək, bu, bizim vəzifəmiz deyil".
M.abbaszadə bildirib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) tələbə-məzun bazasına əsasən ali məktəbə daxil olan şəxslərlə onu bitirənlər arasında say fərqi kifayət qədərdir. O, bununla bağlı geniş açıqlamanın sentyabr ayında verəcəyəyini deyib.
TQDK sədri vurğulayıb ki, Azərbaycanda özəl universitetləri yalnız tələbənin sayı maraqlandırır. Onun sözlərinə görə, TQDK ali məktəbə qəbul zamanı müsabiqəyə buraxılmış abituriyentlərin ən yaxşılarını seçir. 200 bal toplayan abituriyentlərin prestij ixtisaslara qəbul oluna bilmədiyini deyən M.Abbaszadə qeyd edib ki, onların əsas qəbul olunduqları yerlər özəl ali məktəblərdir: "Özəl universitetlər 200 bal toplamış abituriyentləri məmnuniyyətlə qəbul edirlər. Universitetlərdən soruşmaq lazımdır ki, belə tələbələr universitetlər üçün qaneedicidir, ya yox. Biz hətta o balı aşağı salsaq - 100 bal toplamış abituriyentləri qəbul etsək, bir çox özəl universitetlər belə tələbələri də qəbul edərlər. Görürsünüz ki, Odlar Yurdu Universiteti 20 bal toplamış abituriyentləri də qəbul edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB