Rusiyalı gənclər Bakı Slavyan Universitetinin qonağı olub

Rusiyalı gənclər Bakı Slavyan Universitetinin qonağı olub

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri xanım Leyla Əliyevanın dəvəti ilə Rusiyanın bir qrup dövlət qulluqçuları Gənclərin İctimai Palatasının üzvləri və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Bakı Slavyan Universitetinin qonağı olub. SİA-nın xəbərinə görə, qonaqların universitetlə ilk tanışlığı BSU muzeyində ümummilli lider Heydər Əliyevin Rusiya Federasiyasının o vaxtkı prezidenti V.Putinə BSU-nun Fəxri Doktoru diplomunun təqdim edilməsi ilə bağlı təntənəli mərasimdə professor-müəllim heyəti ilə görüşünə həsr olunmuş filmə baxışla başlayıb.

BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi professor Kamal Abdullayevlə görüşən qonaqlar qəbula görə dərin təşəkkürlərini bildiriblər. Professor K.Abdullayev qonaqları səmimi salamladıqdan sonra BSU-nun yaranma tarixi, universitetin fakültələri, strukturu, onun zəngin elmi və tələbə həyatı, çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verib, BSU-nun Azərbaycan elmi və mədəni mühitində xüsusi çəkiyə malik olduğunu vurğulayıb. BSU-nun beynəlxalq layihələrindən, universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərindən söz açan rektor bu mərkəzlərin yaradılmasının başlıca məqsədlərini nəzərə çatdıraraq qeyd edib ki, bu gün BSU Rusiya universitetləri ilə sıx əlaqələr qurub və bu əlaqələr sürətlə inkişaf etməkdədir: "İnanıram ki, siz bu əlaqələri daha da dərinləşdirəcək və gələcəkdə bizim elmi konfranslarda və digər beynəlxalq layihələrdə yaxından işrirak edəcəksiniz. Ümid edirəm ki, sizin simanızda Azərbaycan öz yeni dostlarını qazanacaq".

"Bizim əsas məqsədimiz tələbələrimizi dövlət üçün, cəmiyyətimiz üçün layiqli vətəndaşlar kimi formalaşdırmaqdır" deyən rektor görüşə görə başda Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri xanım Leyla Əliyeva olmaqla, digər təşkilatçılara da öz dərin təşəkkürünü bildirib. Qonaqlar səmimi münasibətə və BSU-nun Azərbaycanda rus dilinin tədrisi ənənəsini qoruyub saxladığına, slavyan dillərinə qayğı ilə yanaşdığına görə Professor Kamal Abdullayevə təşəkkür ediblər.

Sonra qonaqlar universitetlə tanışlıq çərçivəsində BSU-da fəaliyyət göstərən Rusiya, Ukrayna, Polşa, Çexiya, Yunanıstan, Türkiyə, Bolqarıstan və Belarusun tədris-mədəniyyət mərkəzləri, müasir standartlarla yenidən qurulmuş kitabxana, zəngin texniki avadanlıqla təchiz edilmiş Linqafon zalları, elmi-tədqiqat laboratoriyaları ilə tanış olublar. "Heydər Əliyev məktəbi" Tələbə Teleradio studiyasında öz təəssüratlarını bölüşən qonaqlar BSU-nun həyətində tələbələrlə xatirə şəkli çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə