IV qrupda bəzi ixtisaslar üzrə müsabiqə şərtlərində dəyişiklik edilib
Ali məktəblərə qəbul imtahanlarında iştirak edərək müsabiqədən keçən abituriyentlərin ixtisas seçimi iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. IV qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarını seçmək üçün abituriyentin ümumi balı 200-dən az olmamalıdır və fənnlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Torpaqşünaslıq və aqrokimya, aqronomluq, zootexniklik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, meşəçilik, əczaçılıq (baytarlıqda) və baytarlıqixtisaslarının dövlət sifarişi əsasında ayrılan yerlərinin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtlərində dəyişiklik edilib. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdirilib. Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 24-dən avqustun 2-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB