Orta məktəblərə müəllimlərin işə qəbulu üçün keçiriləcək imtahanların vaxtı açıqlandı
2011-2012-ci dərs ilində Azərbaycanda orta məktəblərə müəllimlərin işə qəbulu üçün keçiriləcək imtahanların vaxtı məlum olub. Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirovun SİA-ya verdiyi xəbərə görə, müəllimlərin işə qəbulu üçün imtahanların keçirilməsinə iyulun 26-dan başlanacaq və tam olaraq iyunun 30-da başa çatacaq. Onun sözlərinə görə, ilk olaraq ibtidai sinif müəllimi işləmək istəyənlər imtahan verəcəklər: "İyunun 26-dan 30-dək ibtidai sinif müəllimliyi, avqustun 1-dən 5-dək ingilis, avqustun 8-dən 11-dək Azərbaycan dili və ədəbiyyat, avqustun 12-də kimya, avqustun 15-16-da tarix, avqustun 17-18-də biologiya, avqustun 22-dən 24-dək riyaziyyat, avqustun 25-də informatika, avqustun 26-da coğrafiya, avqustun 29-da gənclərin çağırışaqədərki hazırlığı, əmək hazırlığı, musiqi və nəğmə, təsviri incəsənət, avqustun 30-da isə fiziki tərbiyə müəllimliyi ixtisasları üzrə imtahanlar keçiriləcək. İmtahanlar haqqında məlumatlar elektron ərizə verən hər bir müəllimin şəxsi kabinetinə göndəriləcək. İmtahanda hər bir namizəd kompüter qarşısında əyləşərək 1 saat ərzində ona verilən sualları cavablandıracaq. İmtahanda namizədə 35 sual təqdim ediləcək. İmtahan bitən kimi namizəd öz cavabını öyrənəcək. Namizədin topladığı bal kompüterdə göstəriləcək".
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 2177 vakant yerə 9342 nəfər ərizə təqdim edib. 2177 vakant yerin 374-ü Bakı, 1803-ü isə digər şəhər və rayonların payına düşür. Elektron ərizə verən 9342 müəllimin 1834-ü ibtidai sinif, 1389-u Azərbaycan dili və ədəbiyyat, 1018-i riyaziyyat, 440-ı informatika, 506-sı fizika, 338-i kimya, 436-sı biologiya, 761-i tarix, 408-i coğrafiya, 1610-u ingilis dili, 307-si fiziki tərbiyə, 68-i gənclərin çağırışaqədərki hazırlığı, 137-si əmək hazırlığı, 47-si musiqi və nəğmə, 43-ü təsviri incəsənət və rəsmxət ixtisasları üzrədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB