Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbul elan edilir

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbul elan edilir

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbində Azərbaycan gənclərinin təhsil alması üçün keçirilən müsabiqədə iştirak etmək istəyən şəxslər iyulun 19-dan etibarən TQDK-nın internet saytında (www.tqdk.gov.az) müvafiq səhifəyə daxil olaraq qeydiyyatdan keçməlidirlər. TQDK-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbul elanının tam mətni ilə də həmin səhifədə tanış olmaq olar.

Müsabiqənin birinci mərhələsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən cari ildə Azərbaycan bölməsi üzrə I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 400 və daha yüksək bal toplamış Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) iştirak edə bilərlər.

II mərhələdə qəbul elanında qeyd olunmuş boy, çəki normalarına və digər şərtlərə uyğun gələn namizədlər arasında seçim aparılacaqdır.

Müsabiqənin yekunlarına əsasən 5 nəfər Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə təhsil almağa göndəriləcəklər. Kursantlar təhsili bitirdikdən sonra əlavə olaraq həmin ölkədə 1 il təkmilləşdirmə kursuna cəlb olunacaqlar.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbini müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin olunacaqlar.

Qeyd edək ki, bu təhsil müəssisəsinə qəbul olmayanlar Azərbaycan Respublikasının mülki ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

Xatırladaq ki, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinin əsası (Kara Harp Okulu) 1834-cü ildə İstanbul şəhərində qoyulub. XIX

əsrin əvvəllərində elm və texnologiya sahəsində əldə olunmuş nailiyyətlər hərb sənətində də yeniliklərin tətbiq olunmasını tələb edirdi. Bunu nəzərə alan Osmanlı dövləti ordu quruculuğunda ciddi islahatlar aparmaq, o dövr üçün müasir biliklərə malik zabit hazırlığı aparmaq məqsədilə adı çəkilən tədris müəssisəsinin yaradılmasını qərara alıb. 1845 –ci ilədək hərbi məktəbdə əsasən piyada və süvari zabit hazırlığı aparılıb, 1908-ci ildən isə tədris proqramları genişləndirilərək müəssisə ali hərbi məktəbə çevrilib.

1936-cı ilin sentyabr ayından tədris müəssisəsi paytaxt Ankaraya köçürülüb. 2000-ci il mayın 11-də Türkiyə Böyük Millət Məclisində qəbul edilən "Hərbi Məktəblər Qanunu" ilə Quru Qoşunları Ali Hərbi Məktəbi universitet statusuna malik ali təhsil müəssisəsi kimi təsdiq olunub. Hazırda tədris müəssisəsində kursantlara əyani təhsil forması üzrə 4 il müddətində təhsil verilir. Tədris yalnız türk dilində aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə