IV ixtisas qrupu üzrə qəbul imtahanlarından 29 abituriyent qovulub

IV ixtisas qrupu üzrə qəbul imtahanlarından 29 abituriyent qovulub

Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 16-da 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirib. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, IV qrup üzrə ərizə verən 14619 abituriyentdən 689 nəfəri imtaha gəlməyib. Onun sözlərinə görə, abituriyentlərdən 29 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunublar.


İmtahanın respublikanın 4 şəhərində-Bakıda 21, Naxçıvanda 3, Gəncədə 3, Lənkəranda 2 binada aparıldığını deyən E.Nağızadə vurğulayıb ki, bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb: "İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən IV ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılmışdır. İmtahanda istifadə olunan sualların bütün variantlar və bölmələr üzrə düzgün cavabları, eləcə də balların hesablanması proqramı artıq TQDK-nın internet saytında yerləşdirilib. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır.Cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini 7727 nömrəsinə göndərməklə mobil telefonla "İmtahancell" xidməti vasitəsilə öyrənə biləcəklər. İmtahan nəticələrinin bu gün açıqlanması nəzərdə tutulur". IV ixtisas qrupu üzrə qəbul imtahanlarından 29 abituriyent qovulub.

Bütün xəbərlər Facebook səhifəmizdə