TQDK qanunsuz yollarla tələbə qəbulu aparan xarici ölkə universitetləri ilə bağlı müvafiq dövlət qurumlarına müraciət edəcək
\"Qəbul imtahanlarında çox aşağı nəticə göstərən abituriyentləri imtahansız qəbul etdirmək üçün xarici ölkə universitetləri qanunsuz olaraq müxtəlif yerlərdə elanlar verir və təbliğat işləri aparırlar. Qəbul imtahanlarında 0-100 bal toplayan abituriyentlərin valideynləri isə belə qəbul forması ilə daha çox maraqlanırlar". SİA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, qəbul imtahanlarında 0-100 bal toplayan abituriyentlər Azərbaycanda qanunsuz yollarla tələbə qəbulu aparan xarici ölkə universitetlərinə qəbul prosesində daha çox iştirak edirlər. Təəssüf ki, valideynlərin bu yollara əl atdıqlarını deyən TQDK sədri vurğulayıb ki, onların gözünün qabağında vaxtilə qeyri-qanuni qəbul aparan universitetlər bağlandı: "Bu universitetlər bağlananda valideynlər piketlərə çıxaraq bildirdilər ki, uşaqları 4 il həmin təhsil müəssisəsində təhsil alıb və onların təhsili üçün pul veriblər. Həmin vaxt onlara bircə sual vermək lazım idi ki, onlar uşaqlarının belə təhsili üçün pul verəndə nəyi fikirləşirdilər. Bu, hüquqi dələduzluğun bir formasıdır. Bir neçə gün əvvəl isə mən küçələrdə ingilis, rus dillərində Rusiya, Türkiyə, Ukrayna universitetlərində təhsil almaqla bağlı reklam xarakterli yazılar görmüşəm. Belə reklamlar imtahan keçirilən binaların qarşısında da paylanılır. Mən bununla bağlı müvafiq dövlət qurumlarına müraciət edəcəyəm. İnsanlar belə dələduzların əməllərinə uymamalıdır. Valideynlərlə maarifləndirmə işləri aparmaq lazımdır ki, buna getməsinlər, çünki bunun nəticəsi olmayacaq".
M.Abbaszadə qeyd edib ki, TQDK-nın Tələbə-Məzun Elektron Sistemində hər bir uşağın nəticəsi əks olunub. Onun sözlərinə görə, valideynlər düşünməsinlər ki, belə universitetlərə qəbul olunanlar sonradan dövlət ali məktəblərinə köçürülə biləcəklər.
"Mənə özəl ali məktəblərin birindən bir məktub gəlmişdi. Həmin məktəb mənə müraciət edərək bu universitetin tibb ixtisasını bitirən şəxslərə rezidenturaya qəbul imtahanlarında iştirakı üçün kömək göstərilməsini istəyirdi. Məsələni araşdırdıq və məlum oldu ki, biz 2005-ci ildə oraya 6 nəfər qəbul etmişik, ondan sonra o məktəbdə bu fakultə bağlanıb. Amma indi orada tibb ixtisası üzrə artıq 24 nəfər oxuyur. Axı, biz onları oraya qəbul etmədik. Biz onlara cavab yazdıq ki, TQDK onların hansı yollarla ali məktəbə daxil olması barədə məlumatsızdır. Belə şəxsləri rezidenturaya qəbul etmək olmaz. Onları nəinki xəstənin, heç ölünün də yanına buraxmaq olmaz. Çünki vaxtilə IV qrupda 20 bal toplayan uşaq sonra hansısa yolla özəl ali məktəbdə peyda olub. Oğlan rezidenturaya sənəd verənlərlə bağlı Müdafiə Nazirliyinə müraciət etmişdik ki, onları hərbi xidmətə çağırışı imtahanlardan sonra oktyabr ayında olsun. Çünki rezidenturaya qəbul imtahanı sentyabr ayında keçiriləcək. Ancaq rezidenturaya qəbulda digər yollarla qəbul olanlar nəzərə alınmayacaq", - deyə M.Abbaszadə qeyd edib.
Onun sözlərinə görə, bunlarda ən əsası valideyn məsuliyyət daşıyır və sonrakı mərhələlərdə məsuliyyəti və çətinlikləri uşaqlar çəkir. Dövlətin buna cavabdeh olmadığını deyən komissiya sədri əlavə edib, insanlar özləri qərar qəbul etdikdə bunun sonrakı taleyinin və nəticəsinin necə olacağını düşünməlidirlər. TQDK sədri onu da bildirib ki, Azərbaycanda qanunsuz yollarla tələbə qəbulu aparan xarici ölkə universitetləri ilə bağlı araşdırmaların aparılması üçün müvafiq dövlət qurumlarına da müraciət edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB