“2011-2021 illərdə Azərbaycan təhsilinin inkişafı üzrə milli strategiya” Azərbaycan təhsilinin gələcəyini müəyyənləşdirəcək

“2011-2021 illərdə Azərbaycan təhsilinin inkişafı üzrə milli strategiya” Azərbaycan təhsilinin gələcəyini müəyyənləşdirəcək

"2011-2021 illərdə Azərbaycan təhsilinin inkişafı üzrə milli strategiya" çox mühüm bir sənəd olacaq. Bu sənədin yaranmasında Azərbaycan pedaqoji ictimaiyyətinin hər bir üzvü fəal iştirak edəcək". SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu strategiya Azərbaycan təhsilinin gələcəyini müəyyənləşdirəcək. İqtisadiyyatın inkişaf strategiyasının ölkə üçün çox vacib olduğunu deyən M.Abbaszadə vurğulayıb ki, həmin strategiyanı həyata keçirən isə insanlardır. Onun sözlərinə görə, insanların XXI əsrin bütün hədəflərinə cavab verməsi, biliklərə əsaslanan iqtisadiyyatı qurmaq üçün yüksək səviyyəli professional olması çox vacibdir: "Təbii ki, strategiya müəyyən edəcək ki, dövlət öz vətəndaşlarını necə görmək istəyir? Burada demək olmaz ki, strategiya yalnız bir sahəyə aid olacaq. Sənəddə məktəbəqədər təhsil, orta, ali təhsil, diplomdan sonrakı təhsil, distant təhsil, ümumiyyətlə, təhsilin bütün pillələri əks olunacaq, əhalinin bilik səviyyəsini qaldırmaq üçün yollar göstəriləcək".

M.Abbaszadənin sözlərinə görə, bu gün texnika və texnologiya o qədər inkişaf edib ki, hər 10 ildən bir ali məktəblərdə texniki ixtisaslar üzrə alınan biliklər köhnəlir və insan yenə də nəyisə əldə etməlidir. O bildirib ki, orta məktəblərdə 0-100 bal arası nəticə olmamalıdır, bu yalnız statistik təsadüf kimi ola bilər. "Təhsildə orta səviyyə daha yüksək olmalıdır. Ümumilikdə bu çox mürəkkəb bir prosesdir. Strategiyanın yazılması üçün qısa vaxt verilib. Amma bu çox vacib bir problemdir. Biz bunu indi etməsək, sonra gec olacaq. Azərbaycanın iqtisadiyyatı inkişaf edir, bizim iqtisadiyyatın mühüm nöqtələrində xaricdən gələn mütəxəssislər işləyəcək. Bu da ölkənin təhlükəsizliyinə çox böyük zərbə ola bilər. Eyni zamanada, çoxdan bitirən insanalar ali təhsil almaq istəyir, ancaq onları orta məktəb səviyyəsi aşağıdır. Nə etmək lazımdır ki, bu uşaqlar hansısa bir formada ixtisas əldə etsinlər, təhsil alsınlar. Bütün bunlar kompleks tədbirlərdir. Bu və ya digər problemlərin hamısı strategiyada əks olunacaq. Strategiya yalnız siyasi sənəd deyil. Orada konkret xəritələr verməlidir ki, hansı addımda nəyi etmək lazımdır. Çünki artıq vaxt tükənib. Tələb təkcə bizim istədiyimiz deyil, bu iqtisadiyyatın cəmiyyət qarşısında qoyduğu məsələdir. İqtisadiyyat inkişaf edir, lazımi səviyyədə olan mütəxəssislər tapılmır. Nəticədə paradoks yaranır. Belə ki, əmək bazarında iş yerləri var, amma mütəxəssis yoxdur. Eyni zamanda, əlində diplomu olmayan kifayət qədər işaxtaran, işləmək və oxumaq istəyən insanlar da var. Bu problemləri həll etmək üçün strategiyanın hazırlanmasında hərbi qulluqda olan insanlar kimi işləməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə