Məleykə Abbaszadə orta məktəbləri qızıl və gümüş medallarla bitirən məzunların qəbul imtahanlarında əldə etdikləri nəticələri açıqlaydı

Məleykə Abbaszadə orta məktəbləri qızıl və gümüş medallarla bitirən məzunların qəbul imtahanlarında əldə etdikləri nəticələri açıqlaydı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu il orta məktəbləri qızıl və gümüş medallarla bitirən məzunların qəbul imtahanlarında əldə etdikləri nəticələri açıqlayıb. SİA-nın xəbərinə görə, TQDK sədri bildirib ki, I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 8 qızıl və 3 gümüş medalın qalibi olan abituriyentlər iştirak edib: "Ümumilikdə, 11 medalçı 600-dan yuxarı nəticə göstərib. Bu qrup üzrə medalçıların qazandığı ən minimal bal 599, maksimal bal isə 690 olub. III ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmək üçün 7 qızıl və 3 gümüş medala layiq görülən abituriyent sənəd verib. Onlardan 1-i imtahana gəlməyib, 1 gümüş medalçı isə ali məktəblərə qəbul imtahanına sənəd verməyib. Bu qrup üzrə minimal bal 492 DT, 546 XH, maksimal bal isə 670-dir. Sabah keçiriləcək IV qrup üzrə qəbul imtahanlarında iştirak etmək üçün 10 qızıl, 4 gümüş medala layiq görülən abituriyentlərin iştirak edəcəyi gözlənilir. II qrup üzrə imtahanda iştirak etmək üçün isə 12 qızıl, 5 gümüş medalın qalibləri sənəd verib".

TQDK sədri onların göstərdikləri nəticələrə də öz münasibətini bildirib: "Qızıl və gümüş medal alan məzunların yüksək nəticə göstərməsi bizi sevindirir. Amma bu, bir növ vitrindir. Vitrində hər şey yaxşıdır. Biz bunu görürük və hesab edirik ki, bu medalların namizədləri çox gözəl seçilib. Amma biz bunu da görürük ki, 0-100 bal arasında nəticə toplayan məzunlar da var. I qrupda 5506 nəfər 0-100 bal toplayıb. Bu rəqəmlər olmamalıdır. Bu il yalnız 36 nəfər qızıl və gümüş medal alıb, amma 100 min məzun məktəbi bitirib".

M.Abbaszadə qeyd edib ki, bu gün saat 17:00-da ali məktəblərin magistraturasına qəbul olan bakalavrları daxil olduqları ali məktəblərdə öz qəbullarını təsdiqlətmələri üçün üçün ayrılan vaxtın başa çatacaq. Onun sözlərinə görə, bu vaxta kimi hələ də 646 nəfər daxil olduqları ali məktəbdə qeydiyyatdan keçməyib:"Bakalavrın müəyyən olunan müddətdə daxil olduqları ali məktəblərdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından xaric ediləcək. Həmin bakalavrların yeri vakant elan olunacaq və magistraturaya boş qalan yerlərlə birlikdə həmin yerlərə qəbul elan ediləcək", - deyə o əlavə edib.

TQDK sədri vurğulayıb ki, bu müddətdə 9 illik təhsil bazası üzrə orta ixtisas məktəblərinə qəbul aparılır. Onun sözlərinə görə, orta ixtisas məktəblərinə qəbul olmaq üçün 13621 nəfər sənəd verib və onlardan 10605 nəfəri öz ərizəsini təsdiqlədib.

Bütün xəbərlər Facebook səhifəmizdə