I ixtisas qrupu üzrə qəbul imtahanında 4 nəfər 700 bal toplayıb

I ixtisas qrupu üzrə qəbul imtahanında 4 nəfər 700 bal toplayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə iyulun 10-da keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, nəticələr iyulun 12-də saat 18:00-dan etibarən komissiyanın internet saytında yerləşdirilib. Onun sözlərinə görə, imtahan nəticələri barədə məlumatı həmçinin Azercell və Bakcell nömrələrindən mobil telefonla "İmtahancell" xidməti-7727 nömrəsinə iş nömrəsini göndərməklə öyrənmək olar.

"I ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd verən abituriyentlərdən 959 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 32564 abituriyentdən 65 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə mtahandan xaric olunmuş və nəticələri ləğv edilib. Test imtahanının nəticəsinə əsasən 9513 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. 4 nəfər maksimal nəticə-700 bal toplayıb. I ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunub", - deyə o əlavə edib.

E.Nağızadə qeyd edib ki, I ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tələb olunan minimal keçid balı 250-dən 200-ə salınıb. Onun sözlərinə görə, bu il I qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər: "Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə