Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmova medianın “Xüsusi rəğbət” mükafatı təqdim edilib
Bu gün Milli Məclisin üzvü, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmova medianın "Xüsusi rəğbət" mükafatı təqdim edilib. SİA-nın xəbərinə görə, mükafat Azərbaycan Milli Mətbuatının 136-cı ildönümü münasibətilə Modern.az portalı və Sosial İnformasiya Agentliyi tərəfindən təsis olunub. Tədbirdən öncə BDU-nun rektoru haqqında 12 dəqiqəlik film də nümayiş etdirilib.
Mükafatın təqdimat mərasimində bildirilib ki, Azərbaycanda elm və təhsilin inkişafında, elmi nailiyyətlər qazanılmasında və ixtiralar edilməsində, dünyəvi düşüncənin təbliğində, yeni texnologiyaların tətbiqində, ölkənin müstəqilliyinin möhkəmləndirilməsində və tanıdılmasında ciddi rolu olan, həmçinin KİV-lə effektiv əlaqələr qurmuş tanınmış şəxslərə verilməsi nəzərdə tutulur. Azərbaycanda bu dəyərlərə malik ziyalı, tanınmış elm və təhsil xadimi çox olduğu üçün seçim çətin olub. O da bildirilib ki, bu il bir sıra keyfiyyətlərinə görə fərqlənən, müəllimlərin yaş həddi ilə bağlı Milli Məclisdə aparılan müzakirələr zamanı xüsusi fəallıq göstərən Abel Məhərrəmov jurnalistlərin diqqətini daha çox cəlb edib və onun namizədliyi digər namizədlərlə birgə münsiflər heyətinə təqdim olunub.
Münsiflər heyətində AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov, İTV-nin Yayım Şurasının sədri Cahangir Məmmədli, Təhsil naziirnin müavini Elmar Qasımov, akademik Vasim Məmmədəliyev, Azərbaycan Ensiklopediyasının baş redaktoru Tofiq Nağıyev, millət vəkili Qənirə Paşayeva, APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı, "Ayna-Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid təmsil olunub.
C.Məmmədli qeyd edib ki, münsiflər heyəti bu qərara gələrkən A.Məhərrəmovu Azərbaycanda elm və təhsilin inkişafı, təhsil sisteminin beynəlxalq aləmə inteqrasiyası, beynəlxalq əlaqələrin genişləndirilməsindəki xidmətlərinə, rektor kimi tələbələrə göstərdiyi tükənməz qayğıya, ali məktəblərdə innovasiyaların, nanotexnologiyaların tətbiqi, texnoparkların yaradılması üçün irəli sürdüyü təşəbbüslərə, parlamentdə elm və təhsil işçilərinin sosial məsələri müzakirə edilərkən xüsusi fəallıq göstərdiyinə, KİV-lə effektiv əlaqələrinə görə fərqləndirib. O bildirib ki, rektorun bütün fəaliyyəti Azərbaycanın çiçəklənməsi uğrunda apardığı mübarizədən ibarətdir: "Jurnalistikanın qarşısına çıxanda elə etmək lazımdır ki, sonradan dediyin sözlərə görə məsuliyyət daşımayasan. A.Məhərrəmov hər zaman mətbuat qarşısına açıq fikirləri, təklifləri ilə çıxır".
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov bildirib ki, mətbuatın cəmiyyətə və cəmiyyətin mətbuata göstərdiyi münasibətlər artıq formalaşıb: "Mən hesab edirəm ki, Azərbaycan mətbuatının bir qrupunun Abel Məhərrəmovun mükafata layiq görülməsi ilə bağlı verdiyi qərar cəmiyyətin qəbul edəcəyi qərarlar sırasındadır. Abel müəllimin fəaliyyətində, davranışında cəmiyyət qarşısındakı xidmətlərində hamının, bütövlükdə Azərbaycan dövlətinin və cəmiyyətinin qiymətləndirdiyi kimi bu məqamları qiymətləndirərək bu qərar qəbul ediblər. Eyni ilə Azərbaycan mətbuatının qəbul etdiyi qərar Azərbaycan cəmiyyətinin belə bir qərarın qəbul edilməsi, Abel Məhərrəmovun mükafata layiq görülməsi təsadüfü deyil, tamamilə qanunauyğundur. Abel müəllim görkəmli alim, gözəl müəllim, yaxşı təhsil təşkilatçısı, ictimai xadim, Azərbaycan xalqının seçdiyi millət vəkili və ləyaqətli vətəndaşdır. Azərbaycanı ölkədən kənara bir alim, müəllim kimi ictimai-xadim kimi təmsil etməyi bacaran insan kimi yüksək keyfiyyətlərə malikdir. Bunların hamısı ödülün verilməsində mühüm təkan verdi. Hesab edirəm ki, münsiflər heyəti bu insanların arasında seçim etmək kimi mühüm bir vəzifəni qarşısında qalıblar. Onlar bunun öhdəsindən layiqincə gəliblər və düzgün seçim ediblər".
Tədbirin davamında çıxış edən AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov, akademik Vasim Məmmədəliyev, təhsil nazirinin müavini Elmar Qasımov, millət vəkili Sabir Rüstəmxanlı və digər şəxslər A.Məhərrəmova təbriklərini çatdırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB