BDU-nun rektoru Abel Məhərrəmov medianın “Xüsusi Rəğbət” mükafatına layiq görülüb
Azərbaycan Milli Mətbuatının 136-cı il dönümü münasibəti ilə medianın "Xüsusi Rəğbət" mükafatı təsis edilib. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, akademik, tanınmış kimyaçı alim, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov medianın "Xüsusi Rəğbət" mükafatının ilk qalibi olub. Bu barədə SİA-ya BDU-nin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib. O bildirib ki, mükafatın hər il Milli Mətbuat Günü ərəfəsində Azərbaycanda elm və təhsilin inkişafında, elmi nailiyyətlər qazanılmasında və ixtiralar edilməsində, dünyəvi düşüncənin təbliğində, yeni texnoligiyaların tətbiqində, müxtəlif sosial qrupların maraqlarının müdafiə edilməsində və layiqincə təmsil edilməsində, ölkənin müstəqilliyinin möhkəmlənməsində və tanıdılmasında ciddi rolu olan, bütün bunlarla yanaşı, kütləvi informasiya vasitələri ilə effektiv əlaqələr qurmuş tanınmış şəxslərə verilməsi nəzərdə tutulur.
Qalibin müəyyən edilməsi üçün Modern.az və Sosial İnformasiya Agentliyinə məxsus Axar.az portallarında oxucular, habelə, parlamentə akkreditasiya olunmuş müxbirlər və sosial mövzularda yazan jurnalistlər anketləşdirmə yolu ilə namizədlər irəli sürüblər. İrəli sürülən namizədlər arasından adı ən çox hallanan üç nəfər Münsiflər Heyətinə təqdim edilib. 9 nəfərlik Münsiflər Heyətində tanınmış ictimai və siyasi xadimlər, alimlər, jurnalistlər təmsil olunub. Münsiflər Heyəti seçimlərinə təqdim olunan namizədlər arasından medianin "Xüsusi Rəğbət" mükafatının qalibini müəyyən edib. Onların qərarı ilə Abel Məhərrəmov ilk qalib seçilib. Onlar bu qərara gələrkən Abel Məhərrəmovu Azərbaycanda elm və təhsilin inkişafındakı xidmətlərinə, rektor kimi tələbələrin hüquqlarının müdafiəsində və şəraitlərinin yaxşılaşdırılması yönündə ciddi fəaliyyətinə, respublikanın ali məktəblərində innovasiyaların, nanotexnologiyaların tətbiqi, texnoparkların yaradılması üçün irəli sürdüyü təşəbbüslərə, Milli Məclisdə elm və təhsil işçilərinin sosial məsələləri müzakirə edilərkən nümayiş etdirdiyi mövqeyə, Azərbaycan ziyalılarının beynəlxalq imicinin möhkəmlənməsindəki roluna və kütləvi informasiya vasitələri ilə effektiv əlaqələrinə görə fərqləndirib. Mükafat qalibə sabah-iyulun 12-də təqdim ediləcək. Abel Məhərrəmovun ömür yolundan bəhs edən 10 dəqiqəlik filmin də nümayiş etdiriləcəyi mərasimdə rəsmi şəxslər, tanınmış elm xadimləri və jurnalistlər iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB