TQDK və DİN əməkdaşları imtahanların keçiriləcəyi binaların təhlükəsizliyini yoxlayır

TQDK və DİN əməkdaşları imtahanların keçiriləcəyi binaların təhlükəsizliyini yoxlayır

"Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək. Bu gün isə imtahanların keçiriləcəyi binalara baxış keçirilir". TQDK-nın mətbuat katibi Elnur Nağızadə SİA-ya bildirib ki, komissiyanın və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən I ixtisas qrupu üzrə təşkil olunacaq binaların təhlükəsizliyi yoxlanılır və nəzarətə götürülür. Onun sözlərinə görə, imtahan respublikanın 4 şəhərində - Bakıda 41, Naxçıvanda 2, Gəncədə 6, Sumqayıtda 7 binada aparılacaq. Abituriyentlərin imtahana gələn zaman şəxsiyyəti təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni gətirməli olduqlarını deyən E.Nağızadə qeyd edib ki, göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. O əlavə edib ki, imtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımcı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunaraq, onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaqlar.

"Orta ümumtəhsil müəssisələrindən 2515 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 248 imtahan rəhbəri cəlb olunacaq. I qrup üzrə 33587 abituriyent ərizə təqdim edib ki, onların da 30965 nəfəri Azərbaycan bölməsinin, 2622 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 19825 nəfərini oğlanlar, 13762 nəfərini isə qızlar təşkil edir. 18257 nəfər orta ümumtəhsil məktəblərinin builki, 13974 nəfər isə əvvəlki illərdə bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 128 abituriyent xarici ölkələrin vətəndaşıdır. 127 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 1229 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1958-ci ildən, ən gənc isə 1996-cı ildəndir. Bakı şəhərində 24152 abituriyent, Naxçıvanda 1327 abituriyent, Gəncədə 3891, Sumqayıtda isə 4217 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq. İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən I ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. I ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla "İmtahancell" xidməti vasitəsilə öyrənə biləcəklər", - deyə E.Nağızadə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə