Azərbaycan və Avropa İttifaqı təhsil sahəsindəki bir sıra məsələləri müzakirə edib

Azərbaycan və Avropa İttifaqı təhsil sahəsindəki bir sıra məsələləri müzakirə edib

Təhsil naziri Misir Mərdanov Avropa İttifaqının Avropa İqtisadi və Sosial Komitəsinin üzvü Marius Opranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə Avropa İttifaqının Avropa İqtisadi və Sosial Komitəsinin Daxili bazar, istehsal və istehlak bölməsinin rəhbəri Brayan Kassidi, Brüsseldə fəaliyyət göstərən Avropa Siyasəti Mərkəzinin müstəqil siyasi analitiki, "Aİ qonşuluğu forumu"nun əlaqələndiricisi Amanda Paul Akçakoça, cəmiyyətdə və sosial-iqtisadi inkişafda gənclər və qadınların rolu sahəsində Fondun tədqiqatçısı Feliçiya Skoartsa iştirak ediblər.

Təhsil naziri Misir Mərdanov qonaqların Azərbaycana gəlişindən məmnun olduğunu ifadə edib. Nazir ölkənin təhsil sahəsində aparılan islahatlar və əldə olunan nailiyyətlər, təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələr və qəbul edilən proqramlar haqqında qonaqlara geniş məlumat verib. Təhsil naziri təhsildə İKT-nin tətbiqi, müəllim hazırlığı və bu çərçivədə Qeyri Hökumət Təşkilatları ilə əməkdaşlıq, müəllimlərin işə qəbulu, təhsilin inkişafı istiqamətində Dünya Bankı ilə birgə bir sıra layihələrin həyata keçirilməsi və digər məsələlər üzrə görülən işlər haqqında danışıb.

Avropa İttifaqının Avropa İqtisadi və Sosial Komitəsinin üzvü Marius Opra təhsil naziri Misir Mərdanova qəbul üçün minnətdarlığını bildirib. Qonaq "Qardaşlaşma", "Şərq Qonşuluq Tərəfdaşlığı" layihələri çərçivəsində Avropa İttifaqında insanların peşə yönümlülüyünün dəyişdirilməsi, ölkələrin nazirlikləri nəzdində fəaliyyət göstərən Müəllimlərin Peşəkarlığının Artırılması Mərkəzləri üçün tenderlər elan olunduğunu və Azərbaycanın da bu tenderdən istifadə edə biləcəyini qeyd edib. Qonaq şagirdlərin kompüter biliklərinin artırılmasında diqqəti təkcə kompüterdən istifadəyə deyil, onların özlərini proqram hazırlamasına, təmiz enerji istifadəsinə yönəltməyin vacib olduğunu nəzərə çatdırıb. Eyni zamanda, Marius Opra Avropa İttifaqı üzvlərinin Azərbaycanın təhsili, mədəniyyəti, tarixi və s. haqqında məlumatlandırılması, bu məqsədlə Avropa İttifaqında müxtəlif təhsil sərgiləri, tədbirlərin təşkil olunmasını məqsədəuyğun hesab etdiyini bildirib.

Görüş zamanı avropalı qonaqlarla Azərbaycan nümayəndə heyəti bir sıra məsələləri müzakirə edib. Tərəflər Avropa İttifaqının ali təhsil müəssisələri arasında əməkdaşlıq çərçivəsində həyata keçirdiyi Tempus, Erasmus Mundus və s. proqramlarda Azərbaycanın daha fəal iştirakı, ali təhsil müəssisələrində elmi-tədqiqatların aparılması və bu sahədə ali təhsil müəssisələri arasında əməkdaşlıq, texniki-peşə təhsilinin inkişafı, Azərbaycanın ucqar kənd rayonlarındakı məktəblərin vəziyyəti, həmin məktəblərə müəlimlərin cəlb olunması məsələlərinə toxunub, qarşıda duran problemlərinin həlli yolunda aparılacaq işlər haqqında söhbət açıb, bu istiqamətdə bir sıra rəy və təkliflərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə